20 C
Baku
Bazar, Oktyabr 24, 2021

Rəhbərliyin dəstəyi olmadan karyera pilləkəni ilə yuxarıya doğru addımlamaq mümkündürmü?

Bu gün biz karyeranın müstəqil inkişafı dövrünü yaşayırıq. Adətən şirkətlər işçilərini müxtəlif təlimlərə göndərməyə tələsmirlər. Bəlkə də bunun səbəbi insanların iş yerlərini tez-tez dəyişdirmək meylliliyi ilə əlaqəlidir – rəhbərlik qısa zamanda şirkəti tərk edə biləcək işçiyə sərmayə qoymağı mənasız hesab edir (qeyd edək ki, orta statistik işçi iş yerini təxminən dörd ildən bir dəyişir). Əvvəlki dövrdə hər şey tamamilə fərqli olub, 1990-cı illərdə “şəxsi inkişaf” təşkilatların əsas vəzifələrindən biri hesab olunurdu. 

Təəssüf ki, bu gün şirkətlər özləri belə bilmədən təşkilatın səmərəliliyinə təhlükə yaradırlar. Və menecerlər bu vəziyyətin aradan qaldırılması üçün heç nə etmirlər. Onların əksəriyyəti ancaq özləri ilə məşğuldurlar və digərlərini düşünməyə enerjiləri yoxdur.

İdeal olaraq, işçilərin karyeralarını inkişaf etdirmək üçün təşkilatlar daha çox işlər görməlidirlər: əks əlaqənin təşviqi, səmərəlilik effektinin əsas meyarlarının inkişaf etdirilməsi və edilməli olan işləri konkretləşdirilməsi, menecerlərə əlavə resurs və stimulların verilməsi. Lakin reallıqda iş yükünün çox hissəsi adətən işçilərin üzərinə düşür. İşçinin tutduğu vəzifədən asılı olmayaraq, zəif tərəfləri müəyyənləşdirmək, əsas bacarıqları isə gücləndirmək vacibdir. 

Əgər karyeranızın inkişafını öz əlinizə götürmək istəyirsinizsə, sizə aşağıdakıları etməyi tövsiyə edirik:

  1. Sizi hansı meyarlar üzrə qiymətləndirirlər? Tutduğunuz vəzifədə uğur dedikdə, nə başa düşülür? Əsas iş məqsədləriniz nədən ibarətdir? Yaxşı olar ki, bu sualları menecer ilə müzakirə edəsiniz. Bu mümkün olmadıqda, öz məqsədlərinizi necə başa düşdüyünüzü yazın, rəhbərinizə göstərin və tutduğunuz istiqaməti itirməmək üçün daim onunla əlaqədə olun. 
  2. Zəif tərəflərinizi müəyyənləşdirin. Ən yaxşı işçilər daim gördükləri işə qiymət verirlər və üzə çıxan səhvlər üzərində işləyirlər, onlar həmdə mütəmadi olaraq iş yoldaşlarının, həmkarlarının və tabeçiliyində olan insanların fikirlərini öyrənirlər. Rəhbərlik heç nə demirsə, söhbətə özünüz başlayın. Təqdimat və ya vacib görüşdən sonra nəyi təkmilləşdirə biləcəyinizi və hansı məqamlarda daha diqqətli olmalı olduğunuzu soruşun. 
  3. Əldə etdiyiniz informasiyanı sistemləşdirin. Siz başqalarından eşitdiyiniz rəyləri qeyd dəftərinə yaza bilərsiniz. Hazırkı vəzifədə inkişaf etdirməli olduğunuz 5-10 bacarıqların siyahısını tərtib edin və özünüzü onların hər biri üzrə qiymətləndirin (təkbaşına və ya güvəndiyiniz şəxsin köməyi ilə). Məsələn, siz hal-hazırda brend-marketoloq vəzifəsində işləyirsiniz, bu halda çox güman ki, reklam işinə görə özünüzə “5”, ticarət marketinqinə görə isə “3” verəcəksiniz. Çalışın bütün diqqətinizi aşağı qiymət verdiyiniz bacarıqlara yönəldəsiniz, qüsurları aradan qaldırasınız. 
  4. Rəhbərliyin gözü qarşısında olun. Adətən rəhbərlik bütün işçilərinə bərabər şəkildə diqqət ayıra bilmir, buna görə də təşəbbüskar olun. Məsələn, xeyriyyəçiliyə həsr edilmiş tədbirlərdə və korporativ yığıncaqlarda ünsiyyətcil olmağa çalışın, gələcəksə sizin üçün faydalı ola biləcək əlaqələr qurun. Bu, karyeranı inkişaf etdirməyin aparıcı yollarından biridir. 
  5. Şirkətiniz üçün vacib olan sahədə mütəxəssis olun. Yəqin ki, şirkətiniz internet, süni intellekt və ya bulud hesablama kimi yeni texnologiyaların yaranması ilə müəyyən çətinliklərlə üzləşmiş olub. Sualı araşdırın, müvafiq ədəbiyyatlara baxın, konfranslarda iştirak edin və ya bu mövzuda materiallar yazın. Bu, təcrübə toplamaq üçün əla fürsətdir. 
  6. Rəhbərlik ilə məsləhətləşin. Sizdən daha yüksək vəzifədə olan insanın fikri təqdirəlayiqdir, lakin burada da ehtiyatlı olmaq lazımdır. “Siz mənim müəllimim olarsınız?” deyib rəhbərinizin üstünə düşməyin, çalışın təklifinizi yumşaq formada, qeyri-formal görüş zamanı irəli sürəsiniz. Həmin insanın tərcümeyi-halını araşdırın və təcrübəsinə dair yaxşı suallar verməyə hazır olun. Əgər hər şey qaydasında getsə, həmsöhbətinizdən bu ifadəni eşidəcəksiniz: “Sizin üçün faydalı ola bilsəm, mənimlə əlaqə saxlayın”. Bir həftədən sonra söhbətə davam etməyi təklif edə bilərsiniz. 

Güclü peşəkar bacarıqların qurulması vaxt tələb edir. Səbirli olun. 

Bacarıqlar sizin əsas peşəkar kapitalınızdır, buna görə onların inkişaf etdirilməsinə vaxt ayırın. Əgər iş yerini tez-tez dəyişdirsəniz (məsələn, 1-1,5 ildən bir), karyeranızın inkişafı üçün zəruri olan təcrübə toplaya bilməyəcəksiniz.  Lakin zaman keçdikcə səbr və təşəbbüs göstərərək, karyeranızın inkişafı yalnız sizdən asılı olduğu bir dünyada uğur qazanmaq şansınız çoxalacaq. 

Son xəbərlər
Oxşar xəbərlər