6 C
Baku
Sunday, December 15, 2024

Özümüzdən təkər “kəşf etsək”: Yerli istehsal gəlirli olacaqmı?

Azərbaycanda avtomobil təkəri və rezini istehsal etmək barədə təşəbbüslər var. Bununla bağlı artıq layihə də hazırdır və investisiya tutumu 500 milyon dollar səviyyəsində hesablanıb.

Bu zavodun açılması nə qədər rentabelli ola bilər?

Banker.az Oxu.Az  saytına istinadən bildirir ki,  bununla bağlı avtomobil sektorunda tanınmış ekspertlərin rəyini alıb və bu rəy o qədər də pozitiv deyil.

Azərbaycanda avtomobil istehsalı ilə bağlı planları nəzərə alsaq, üstəlik, ixrac imkanlarını araşdırsaq, bəlkə də, gəlirli müəssisə olacağı ilə bağlı ümidlər özünü doğrulda bilər.

Tələb olunan sərmayə 500 milyon dollardır

Beləliklə, rəsmi məlumatlara görə, Azərbaycanda minik avtomobilləri üçün təkərlərə illik tələbat 2 milyon 500 minə yaxın və yük avtomobilləri üçün 500 min ədəd təşkil edir. Hazırda ölkədə təkər istehsalı müəssisəsi yoxdur, təkərlər xaricdən idxal olunur.

Üstəlik, idxal rüsumları da artdığından hesab edirlər ki, bu sahədə yerli istehsalın qurulması daha gəlirlidir. Gəlirdən söz düşmüşkən, layihənin reallaşdırılması müddəti üç il, xərclərin çıxarılması müddəti beş il təşkil edir. Artıq maraqlı tərəfdaş kimi Çinin “CNEEC” şirkəti (China National Electric Engineering Co Ltd) “Azərbaycan İnvestisiya Şirkəti” ASC ilə Anlaşma Memorandumu da imzalayıb.

Bizdə istehsal xərcləri çox yüksəkdir

Avtomobil bazarı üzrə ekspert Ramin Musayevin sözlərinə görə, Azərbaycanda təkər, şin istehsalı təşəbbüsü müsbət qarşılanmalıdır, çünki vaxtaşırı amortizasiya olunduğu üçün və mövsümlə əlaqədar dəyişdiyindən daimi ehtiyac yaranan bir sahədir.

Amma nəzərə alsaq ki, dünyada, eləcə də, yaxın qonşularımızda keyfiyyətli təkər istehsalçıları var, ona görə də bu məsələdə rentabelliyi dəqiq ölçüb-biçmək gərəkdir.

Çin istehsalı olan təkərlərin ucuzluğuna görə hətta Amerika və Avropa istehsalçılarını belə sıxışdırdığını nəzərə alsaq, burada ciddi təhlillərə ehtiyac var.

Ona görə həm qiymət, həm də keyfiyyət baxımından yerli istehsal nə qədər uğurlu ola bilər? Ramin Musayev hesab edir ki, bu, çətin sualdır.

“Dediyim kimi, yerli istehsalın olması təqdirəlayiqdir, ancaq məncə, biznes baxımından çox da rentabelli olmayacaq. Bizdə istehsal xərcləri çox yüksək olduğu üçün bu məhsulun maya dəyərini də yüksəldir. Çıxış yolu isə yalnız gömrük rüsumlarının artırılması ilə tənzimləmə olacaqsa, nəticədə, bazarda qiymətlər yüksələcək, istehlakçı ziyan çəkəcək”.

Çin ilə müqayisədə bahadır

Maya dəyərinin yüksək olması səbəblərinə gəlincə, Ramin Musayevbunu belə əsaslandırdı ki, Azərbaycanda işçi qüvvəsi xərcləri Çinlə müqayisədə bahadır, eyni zamanda, elektrik enerjisi və digər xərclər yüksəkdir, ona görə də Azərbaycanda istehsal baha başa gəlir.

“Əgər Çin şirkəti bu layihəni öz üzərinə götürsə, mümkündür ki, xammalın bir hissəsini oradan gətirsin, üstəlik, Çin şirkətlərinin təcrübəsinin də olduğunu nəzərə alsaq, müsbət nəticələr ortaya qoyula bilər. Amma yenə də tək Azərbaycan bazarı üçün bu istehsalı qurmaq o qədər rentabelli deyil. Yəqin, ətraf ölkələrin bazarlarını da nəzərə alacaq”.

Xatırladaq ki, Türkiyədə “Sabancı Qrup”un böyük bir şin istehsalı zavodu var və uzun illərdir ki, bu müəssisə öz məhsullarını qonşulara da ixrac edir. Eləcə də, İranın təkər ixracında payı var.

Azərbaycanda istehsal edilən məhsul isə Gürcüstan, Ukrayna, Rusiya, Mərkəzi Asiya ölkələrində özünə alıcı tapa bilər və yalnız bu zaman yerli istehsalın rentabelliyindən danışmaq mümkündür. Nəzərə alaq ki, 500 milyon dollarlıq sərmayə üçün iki milyon yarımlıq bazar çox balacadır.

Bizim ölkənin təkər bazarı çox kiçikdir

Tanınmış ekspert Elçin Abbasovun sözlərinə görə, Azərbaycanda əvvəl belə bir zavod olub və şinlərin keyfiyyəti də pis deyildi. İndi belə bir zavodun yaradılması onun hansı bazada açılmasından çox asılıdır.

“Əgər hər hansısa dünya brendinin lisenziyası ilə təkər istehsal edəcəyiksə, bu uğurlu bir addım olar, yox, əgər özümüz təkər “kəşf etmək” niyyətindəyiksə və ya hansısa geridə qalmış bir şirkətlə əməkdaşlıq edərək bu işi görməyi düşünürüksə, bu, rentabelli olmayacaq. Və onu da nəzərə almaq lazımdır ki, bizim ölkənin təkər bazarı çox kiçikdir.

Əgər hansısa brend adı ilə istehsal olunsa, onu xaricə satmaq mümkün olacaq, əks halda, velosiped zavodu kimi bir şey ortaya çıxacaq. O zavoddan fərqli olaraq, hər bir təkər növü üçün burada çoxlu vəsait qoymaq lazım gələcək”.

E.Abbasov istənilən bir istehsalın rentabelliyi üçün aşağıdakı şərtlərin olmasını lazım bilir:

1. Məhsula tələbatın olması;

2. Xammalın yerli və ucuz olması;

3. İşçi qüvvəsinin peşəkar və ucuz olması;

4. Ölkənin qanunvericiliyinin istehsalyönümlü olması.

“Bütün bunları nəzərə alaraq təkər istehsalının rentabellik dərəcəsinin aşağı olacağını düşünürəm”, – deyə ekspert bildirib.

Son xəbərlər
Digər xəbərlər