-3 C
Baku
Sunday, December 15, 2024

Ailə həyatındakı xaosla mübarizə aparmağa kömək edən metodlar

Pandemiya şəraitində dünyadakı bir çox ailə özünütəcrid rejimində az qalsın ki, divara dırmaşsın, onlar bu xaosu aradan qaldıracaq yeni texnikalar axtarır. Mənim ailəm, bir çoxları kimi, dəfərlə sınanılmış və gözlənilməz mənbədən götürülmüş metoddan istifadə edir – proqram təminatının çevik inkişaf metodologiyası. 

Məlumdur ki, işləyən validenlərin yükü ağırdır. Ailə və iş İnstitutunun əməkdaşı Ellen Galinski minlərlə uşaqdan soruşdu: “Valideynləriniz haqqında bir arzu tuta bilsəydiniz, bu nə olardı?” – və onların valideynlərini mümkün cavabları proqnozlaşdırmağa dəvət etdi. Valideynlər “Onlarla daha çox vaxt keçirmək” variantını seçdilər və səhv etdilər. Uşaqlar ən çox “Valideynlərim daha az yorulsun və narahat olsun” variantına üstünlük verirdi. 

Bəs bu ailələrin xoşbəxt olmasına necə kömək edə bilərik?

Son 15 ildir ki, Harvard məktəbinin qurucularının ailələri, elm adamları və mütəxəssislər ilə görüşərək, bu suala cavab tapmağa çalışıram. Bütün tapıntılarımı “Xoşbəxt ailələrin sirri” kitabında dərc etmişəm və son zamanlar orada söylədiyim fikirlərin çoxunu fəal şəkildə tətbiq etdiyimi başa düşürəm. Əslində, ortaya çıxardığım ən yaxşı həll yolu, bəlkə də ən sadədir: ailənizlə mütəmadi müzakirələr aparın. 

İlk çevik ailə

Bir neçə il əvvəl apardığım araşdırma məni Aydaho ştatındakı Hidden-Sprinqs şəhərində yaşayan Starrlar ailəsinin evinə apardı. Starrlar – adi problemləri olan amerikan ailəsidir. Devid – proqramçıdır, Eleonora – evdar qadındır. Mən gələndə onların 10-15 yaş arasında dörd uşağı var idi. 

Bir çox valideyn kimi, Starrlar da xoşbəxt ailə həyatı və gerçəklik arasındakı sonsuz qarşıdurmanın mərkəzinə düşdülər. “Mən bu fəlsəfəyə uyğun yaşamağa çalışdım: onları sev və hər şey yaxşı olacaq”, – deyə Eleonora mənə dedi. – Ancaq bu metod effektiv olmadı. Mən dedim: “Ya Rəbbim, artıq dözə bilmirəm”. 

Starrların növbəti addımı təəccüb doğurur. Valideynlərdən, həmyaşıdlardan və ya ailə problemləri üzrə ixtisaslaşan mütəxəssislərdən kömək istəmək əvəzinə, onlar həll yolunu Devidin karyerasında axtarmağa başladılar. Xüsusilə, onun istifadə etdiyi yanaşmaya üz tutdular – çevik inkişaf metodologiyası. Bu texnika o qədər effektiv oldu ki, Devid bu barədə hətta məqalə yazdı. 

Həyat yoldaşım Linda və mən evdə bu ssenari ilə hərəkət etməyə başladıqda, həfətlik ailə görüşləri uşaqlaırmızın dünyaya gəlməsindən sonra ən vacib rituallardan birinə çevrildi. 

Üç sual

Çevik inkişaf ideyası 1980-cı illərdə, Ceff Sazerlendin liderlik istedadı sayəsində meydana gəlib. Vyetnamda pilot kimi xidmət etdikdən sonra Sazerlend Yeni İngiltərənin maliyyə firmasında baş texnoloq vəzifəsini tutdu. Orada, o, proqram təminatının nə dərəcədə disfunksional olduğunu gördü. Şirkətlər “kaskad modeli”ndən istifadə edirdilər, buna görə idarəçilər bütün iddialı əmrləri proqramçıların boynuna qoyurdular. “Layihələrin 83%-i gecikdirmə ilə təhvil verilirdi, büdcəyə sığmırdı və ya uğursuz olurdu”, – Sazerlend söyləyir. 

O, yeni ideyaların yalnız yuxarıdan aşağıya deyil, həm də aşağıdan yuxarıya doğru gəldiyi sistem qurdu. Bu sistemin bir hissəsi olaraq real dəyişikliklərə cavab verən qruplar yaradıldı. Qərarların kollegial qaydada qəbul edilməsi üçün həftəlik müzakirələr aparılmağa başladı. 

Əslində, bu cür müzakirələri ailədə təkrarlamaq asandır. Həyat yoldaşım və mən iki əkiz qızımızın beş yaşı olanda müzakirələri bazar günləri nahardan sonra keçirməyə başladıq. Bir az düşündükdən sonra özümüzə üç sual verdik:

1. Ailəmin bu həftə əldə etdiyi nailiyyətlər hansılardır?

2. Ailəmin bu həftə əldə edə bilmədiyi nailiyyətlər hansılardır?

3. Gələn həftə nələr üzərində işləməyə hazırıq?

İlk başlarda qızlarımız heyrətamiz cavablar verirdilər. Bu həftə ailəmin əldə etdiyi nailiyyətlər hansılardır? “Velosiped sürməyə qorxmamaq”, “Çarpayının üstünü səliqəyə salmaq”. Hansı nailiyyətləri əldə edə bilmədik? “Riyazi tapşırıqları yerinə yetirə bilmədik”, “Qonaqlara salamlaşmadıq”. 

Əksər valideynlər kimi, uşaqlarımızın Bermud üçbucağının olduğunu gördük. Onlar bizi dinləyirdilər, amma istədiyimiz nəticəni bizə qaydara bilmirdilər. Bu cür müzakirələr bir-birimizi tanımağa kəmək etdi. 

Deyə bilərəm ki, görüşlərdə ən çox sevdiyim gələn həftənin planını qurmaq idi. Qızlarımız da bu işə qatılırdı. Onlar bu və ya digər məqsədə görə mükafatlar və ya cəzalar seçirdilər. Məsələn, “Beş insana salam ver – yatmazdan əvvəl nağıl qazan”, “Kimisə təpiklə – bir ay şirniyyatsız qal” və s. 

Dəməli, nə öyrəndik?

1. Uşaqlara hakimiyyət verin. Valideyn instinkti bizi uşaqlarımıza əmr etməyə təşviq edir. Biz nəyin daha yaxşı olduğunu bilirik. Bu daha asandır. Kimin mübahisə etməyə vaxtı var ki? Bundan əlavə, biz ümumiyyətlə hər zaman haqlıyıq! Buna görə dünyada ailələr deyil, “kaskad” sistemlər çoxdur. Çevik təcrübələrdən istifadə etməyimizdən öyrəndiyimiz ən vacib dərs: idarəçilik səlahiyyətini uşaqlara verin.

Beynin fəaliyyətini öyrənən tədqiqatlar bu fikri bir daha təsdiq edir. Kaliforniya Universitetinin, o cümlədən elm və tədqiqat təşkilatlarının alimləri belə qənaətə gəldilər: vaxtını planlaşdıran, həftəlik məqsədlər müəyyən edən və öz işini qiymətləndirən uşaqların beyni daha çevik işləyir, onlar koqnitiv funksiyaları daha yaxşı idarə etməyi bacarırlar. “Təşkilati bacarıqlar” adlandırdığımız bu keyfiyyətlər konsentrasiyalı olmağa və düzgün qərarlar qəbul etməyə kömək edir. Üstəlik, mükafat və cəza seçimində iştirak edən uşaqlar daha motivasiyalı olurlar.

2. Valideynlər mükəmməl deyillər. Çox vaxt imkanlarımızı yanlış qiymətləndiririk və bunun səbəbi özümüzü mükəmməl saymağımızdır. Lakin liderliyin bu formasını yaxşı seçim adlandırma olmaz. Tədqiqatçılar müəyyən ediblər ki, effektiv biznes-komanadaları daha çox liderləri ilə deyil, bir-biri ilə üz-üzə görüşürlər.

Tanış gəlir, elə deyilmi? Devid Starr mənə dedi: “Ailə görüşlərinin müsbət cəhəti odur ki, orada uşaqlar hər şeyi müzakirə edə bilərlər, valideynlərini belə.

3. Çevikliyi artırın. Valideynlərin çoxu elə düşünür ki, onlar istənilən situasiyaya hazır olmalıdırlar və müəyyən etdikləri qaydalara mütləq qaydada riayət etməlidirlər. Bu fəlsəfə yanlışdır, çünki qabaqcadan 3-5 ildən sonra baş verəcək hadisələri gözə gətirmək mümkünsüzdür. Texnologiya sahəsinin əsas ideyası budur: altı ay bundan əvvəl etdiyiniz bir şeyi bu gün də edirsinizsə, demək nəsə düz deyil. Valideynlər bu ideyadan çox şey öyrənə bilərlər. Çevik ailə fəlsəfəsi ailə həyatının dəyişən olduğunu qəbul etməkdən ibarətdir.

Söhbətimin sonunda Eleonoradan soruşdum: “Çevik ailə konsepsiyasından götürdüyün ən böyük dərs hansıdır?”.

“KİV-də ailələr sanki öz-özünə yaşayırlar, – Eleonora cavab verdi. – Lakin bu yalandır. Sizin işiniz var – siz onun yerinə yetirilməsinə müəyyən güc sərf edirsiniz. Sizin hobbiniz var – onunla məşğul olmaq üçün çox səy göstərirsiniz. Beləliklə, ailə də müəyyən diqqət və güc tələb edir. Məncə, daim ailə həyatının təkmilləşdirilməsi üzərində çalışmaq lazımdır”. 

İstənilən şəraitdə xoşbəxt olmağı bacaran ailənin sirri nədir? 

Sirr əzmdədir. 

 

Son xəbərlər
Digər xəbərlər