2 C
Baku
Sunday, December 15, 2024

2019-cu ilin ilk rəqabətli hərracı: 15 dövlət əmlakı özəlləşdirildi

Əmlak Məsələləri Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən hərraclar dövlət əmlaklarının özəlləşdirilməsini reallaşdırmaqla yeni biznes obyektlərinin yaranmasına dəstək olur. Müxtəlif sahələrə uyğun olan müəssisələrin hərraclara çıxarılması investorların seçim imkanlarını artırır. Müasir yanaşmaların cəlb olunması ilə hər kəs üçün özəlləşdirilmə fürsətlərindən rahat istifadə şəraiti yaradılıb.

Banker.az Komitəyə istinadən məlumat verir ki, vətəndaşların sərbəst iştirakı ilə növbəti hərrac yanvarın 8-də keçirilib. İlin ilk hərracında iştirak üçün investorlar tərəfindən 5 kiçik dövlət müəssisəsi və obyekti, 9 qeyri-yaşayış sahəsi və 1 yarımçıq tikili üzrə ümumilikdə 21 sifariş verilib.

Paytaxtda yerləşən kiçik dövlət müəssisələrindən biri rəqabətli mühitdə özəlləşdirilib. Belə ki, Bakı şəhəri, Xətai rayonu, İ.Həbibov küçəsindəki mağazanın ümumi faydalı sahəsi 95,8 kvadratmetrdir. Dövlət əmlakına ilkin qiymət 35 min manat təyin olunsa da, sifarişçilərdən biri 35 min 500 manat təklif edərək obyekti özəlləşdirib. Müxtəlif xidmət sahələri üzrə biznes imkanları təklif edən obyektlərdən biri də Sabunçu rayonu, Nardaran qəsəbəsindəki Əmlak kompleksidir. Ümumi faydalı sahəsi 1455 kvadratmetr olan dövlət əmlakının sifarişçisi onu təyin olunan ilkin hərrac qiymətinə – 60 min manata özəlləşdirib. Qax rayonundakı əmlakın isə ümumi faydalı sahəsi 661,5 kvadratmetrdir. Bu dövlət obyektini özəlləşdirən şəxs 3293 kvadratmetrlik torpaq sahəsi ilə birgə əmlaka investisiya yatıra biləcək.

İştirakçılar tərəfindən özəlləşdirilən qeyri-yaşayış sahələrindən biri Zərdab şəhərində, digərləri isə paytaxtın müxtəlif rayonlarında yerləşir. Bu kateqoriya üzrə ən yüksək ümumi faydalı sahəsi və hərrac qiyməti olan dövlət əmlakı Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektindədir. 143 kvadratmetrlik sahəsi olan və xidmət fəaliyyəti üçün əlverişli obyekti vətəndaş 35 min manata özəlləşdirib. Özəlləşdirilən yarımçıq tikili İsmayıllı şəhəri, M.F.Axundov küçəsindədir. Dövlət əmlakının ümumi faydalı sahəsi 3377 kvadratmetr, birlikdə özəlləşdirilən torpağın ərazisi isə 1732.8 kvadratmetrdir.

Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən keçirilən hərraclarda 900-ə yaxın elektron sifariş qəbul edilib, 30-a yaxın vətəndaş hərracda onlayn formada iştirak edib. Ötən il ərzində reallaşan hərraclarda 600-ə yaxın dövlət əmlakı, o cümlədən torpaq sahələri və nəqliyyat vasitələri özəlləşdirilib.

Son xəbərlər
Digər xəbərlər