Azərbaycanın bank sektoru 2021-ci ilin aprel ayı üzrə böyük mənfəət əldə etdiyi məlum olub.
Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankının 2021-ci ilin 30 aprel tarixi üçün olan icmal göstəricilərdə qeyd edilir.
Hesabata görə, cari ilin yanvar-aprel ayları müddətində bank sektoru 662.6 milyon manat faiz gəliri əldə edib, bunun da 527.7 milyon manatı sırf müştərilərə verdiyi kreditlər üzrə faiz gəlirləridir. Faiz gəlirlərinin həcmi 2020-ci ilin müvafiq dövrü ilə nisbətdə 1.3% artıb.
Bankların faiz gəlirlərinin həcmi 173.8 milyon manat olub, bu da öncəki ilin müvafiq dövrünü 2.1% üstələyir. Bununla belə, qeyri-faiz gəlirlərinin həcmi hesabat müddətində 6.4% artımla 236.3 milyon manata, qeyri-faiz xərcləri isə 2.6% artımla 410.9 milyon manata çatıb.
Bu da sektorun 301.6 milyon manat əməliyyat mənfəəti (2020: 281.6 milyon manat) etməsi deməkdir.
Banklar 63.6 milyon manat problemli kreditlərinə ayırmalar edib ki, bu da vergidən öncəki mənfəətinin 238.1 milyon manat olması deməkdir.
Yerdə qalan mənfəətdən isə 43.4 milyon manat gəlir vergisi verdikdən sonra xalis mənfəətin həcmi 194.7 milyon manat təşkil edib. Bu da öncəki illə müqayisədə 24.7% artım deməkdir.
Məlumat üçün bildirək ki, banklar xalis mənfəətin 45.9 milyon manatını aprel ayında edib. Qeyd edək ki, yanvar ayında 25.4 milyon manat, fevral ayında 47.7 milyon manat və fevral ayında isə 75.7 milyon manat xalis mənfəət əldə etmişdi.