Türkiyədə dizel yanacağının qiyməti rekord həddə çatıb

Türkiyədə dizel yanacağının qiyməti rekord həddə yaxınlaşıb. Gecə saatlarında yanacaqdoldurma məntəqələrində dizelin litrinə təxminən 6,5 lirə əlavə edilib.

Qiymət artımından sonra İstanbulda bir litr dizelin qiyməti 95,5 lirəyə, Ankarada 96,75 lirəyə, İzmirdə isə 97 lirəyə çatıb.

Ölkənin şərqində yerləşən Bitlis, Hakkari və Muş vilayətlərində isə dizelin bir litri 98,5 lirəyə yüksəlib. Beləliklə, dizelin 100 lirəlik psixoloji həddə çatmasına cəmi 1,5 lirə qalıb. Avqust ayında hökumət qiymətin bu həddi keçməsinin qarşısını almaq üçün xüsusi istehlak vergisini (ÖTV) bir aylıq sıfırlamışdı. Sentyabrın 1-dən etibarən vergi yenidən tətbiq edilib və dizelin hər litrinə 3 lirə vergi hesablanır.

Məlumata görə, qarşıdakı aylarda verginin mərhələli şəkildə artırılması gözlənilir. Oktyabrda artımın 6 lirə, noyabrda 9 lirə, dekabrda 12 lirə, 2027-ci ilin yanvarından isə təxminən 14 lirə olması nəzərdə tutulur. Bundan əlavə, “Brent” markalı neftin qiymətinin 110 dollara yüksəlməsi və İran ətrafında neft tədarükündə yaranan məhdudiyyətlər yanacağın qiyməti ilə bağlı nikbin proqnozlara əsas vermir.

“Sözcü” qəzeti yazır ki, əlavə inzibati tədbir görülməzsə, bu gecə dizelin qiymətinə daha 2,5–3 lirə əlavə oluna bilər. Bu halda Türkiyə Cümhuriyyəti tarixində ilk dəfə dizelin bir litrinin qiyməti 100 lirəni keçə bilər.

MənbəMODERN.AZ
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər