“2022-ci ildə dövlət büdcəsində 1 barel neftin qiyməti 50 dollar nəzərdə tutulub”.
Banker.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Elman Nəsirov deyib.
Deputat bildirib ki, bu gün fərqli proseslər gedir: “Bu gün Brent markalı neftin qiyməti 123 dollara gəlib çatıb. Buna görə də büdcəyə yenidən baxmaq artıq zərurətə çevrilib. Bu istiqamətdə konkret addımlar atılmasının vaxtı gəlib çatıb. Xüsusilə də biz 2 il ərzində azad olunmuş torpaqlarımızın bərpasına 4,4 milyard manat vəsait ayırmışıqsa, neftin qiymətində bu kəskin artımı nəzərə alaraq, azad olunmuş ərazilərə daha çox vəsait ayrılmasına ehtiyac var. Müdafiə, təhlükəsizlik xərcləri artan xətlə getməlidir. Nə qədər ki, Ermənistanda revanşist qüvvələr var, hərbi və təhlükəsizliklə bağlı xərclər çox olmalıdır”.