2023-cü ilin son valyuta hərracı bu gün bitdi və il ərzində Azərbaycan banklarına 3 milyard 878.5 milyon dollar valyuta satılıb.
Bunu Banker.az-ın Mərkəzi Bankdan əldə etdiyi rəqəmlər üzrə hesablamaları deyir.
Bu da illik müqayisədə 1 milyard 71 milyon dollar və ya 21.6% azdır.
Valyuta hərraclarının bir hissəsində Dövlət Neft Fondu satış mövqeyində çıxış edib.
2023-cü ildə ümumilikdə 96 valyuta hərracı keçirilib, ən yüksək satışlar isə ilin son ayında olub. Nəticədə valyuta hərraclarında dollar satışları son iki ilin maksimumuna yüksələrək 603.8 mln. dollar.
Tarix | Mln. dollar |
2020-ci il | 7 303.7 |
2021-ci il | 6 691.2 |
2022-ci il | 4 949.5 |
2023-ci il | 3 878.5 |
Azərbaycan Mərkəzi Bankı son faiz dərəcəsinə dair açıqlamasında bildirir ki, tədiyə balansının cari əməliyyatlar hesabında iri həcmli profisitlə əlaqədar (9 ayda 6.7 mlrd. ABŞ dolları və ya ÜDM-in 12.5%-i) ilin əvvəlindən bəri Mərkəzi Bankda keçirilən valyuta hərraclarının 95%-də təklif tələbi üstələyib. Bu şəraitdə Mərkəzi Bankın valyuta bazarına müdaxiləsi alışyönlü olmuş 1.4 mlrd. ABŞ dolları təşkil etmişdir. Nəticədə Mərkəzi Bankın valyuta ehtiyatları 20.3% artaraq 10.8 mlrd. ABŞ dollarını keçib.