Bu gün bəzi saytlarda Milli Məclisə daxil olan “Müstəqillik Günü haqqında” qanun layihəsinin qəbulundan sonra 28 may və 18 oktyabrın iş günü olacağı ilə bağlı məlumatlar yayılıb.
Qanun layihəsinin qəbulundan sonra 28 may – Müstəqillik Gününün qeyri-iş günü, 18 oktyabr – Müstəqilliyin Bərpası Gününün isə iş günü olacağı nəzərdə tutulur.
Qeyd edək ki, qüvvədə olan Əmək Məcəlləsinin 105-ci maddəsinə əsasən, 28 may – Respublika Günü iş günü hesab edilməyən, 18 oktyabr – Dövlət Müstəqilliyi günü isə iş günü hesab edilən bayram günləri olub. Qanun layihəsi qəbul olunduqdan sonra bayram günlərinin adları dəyişsə də, 28 mayın qeyri-iş, 18 oktyabrın iş günü olması dəyişmir.
Xatırladaq ki, Milli Məclisə ölkə Prezidentinin imzası ilə “Müstəqillik Günü haqqında” qanun layihəsi daxil olub.
Qanun layihəsinə əsasən, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i Müstəqilliyin Bərpası Günü elan olunacaq. Eyni zamanda Müstəqillik Günü və Müstəqilliyin Bərpası Günü hər il bayram kimi qeyd ediləcək.