Oktyabrın 19-da Milli Məclisin Elm və təhsil komitəsinin onlayn formatda növbəti iclası keçirilib. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, komitə sədri Bəxtiyar Əliyev gündəliyə üç məsələnin daxil edildiyini bildirib.
B.Əliyev “Peşə təhsili haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin birinci və ikinci oxunuşda müzakirələri zamanı heç bir əlavə və təklifin daxil olmadığını söyləyib.
Sənədə əsasən, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslər dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.
Sonra “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” 2023-cü il 14 iyul tarixli 987-VIQ nömrəli Qanunun icrası ilə əlaqədar Azərbaycanın bəzi qanunlarında dəyişiklik olunması barədə qanun layihəsini təqdim edən komitə sədri bildirib ki, uyğunlaşdırma xarakteri daşıyan dəyişikliyə əsasən, layihəyə daxil olan “Elektron imza və elektron sənəd haqqında” qanuna təklif edilən dəyişiklikdə “elektron sənəd” anlayışının tərifi yeni redaksiyada verilir. Qeyd edilib ki, layihədə elektron sənəd – elektron formada, o cümlədən mətn, səs, görüntü və ya audiogörüntü formasında saxlanılan kontent kimi müəyyənləşir.
Gündəlikdəki sonuncu məsələ – “Polis haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” və “Ümumi təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı məlumat verən komitə sədri təklif edilən dəyişikliklərin uyğunlaşdırma xarakterli olduğunu deyib.
O, “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasının ratifikasiyası ilə bağlı Cinayət Məcəlləsinə müvafiq dəyişikliklərin edildiyini bildirib. Buna uyğun olaraq, sənədə daxil edilən “Ümumi təhsil haqqında” qanunun 27.2.5-ci maddəsində “və ya” sözlərindən sonra “cinsi” sözü əlavə edilir. Düzəlişə əsasən, uşaqlara qarşı cinsi istismar və ya cinsi zorakılıqla bağlı cinayətə görə məhkum olunmuş şəxslər pedaqoji fəaliyyətlə məşğul ola bilməzlər.
Müzakirələr zamanı çıxış edən komitənin sədr müavini Musa Qasımlı, üzvləri Aqiyə Naxçıvanlı, Anar İsgəndərov, Etibar Əliyev, Ceyhun Məmmədov təqdim olunan məsələlərin əhəmiyyətini və aktuallığını vurğulayıblar.
Onlayn iclasın sonunda gündəlikdəki hər üç qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.