300 milyard dollardan çox borcu olan Evergrande-in qurucusuna ömürlük həbs cəzası verilib

Çinin daşınmaz əmlak nəhəngi Evergrande-in qurucusu və rəhbəri Hui Ka Yan ömürlük həbs cəzasına məhkum edilib. Xinhua-nın məlumatına görə, məhkəmə həmçinin onun bütün əmlakının müsadirə olunmasına qərar verib.

Hui Ka Yan 2026-cı ilin aprelində ona qarşı irəli sürülən bütün ittihamlar üzrə, o cümlədən investorların vəsaitlərinin mənimsənilməsi və investisiyaların cəlb edilməsi zamanı dələduzluqda özünü təqsirli bilib.

Məhkəmə Evergrande-in daha 56 əməkdaşı və tərəfdaşına, o cümlədən Hui Ka Yanın iki oğluna müxtəlif müddətlərə həbs cəzası verib. Cəzaların müddəti 22 aydan 18 ilədək dəyişir.

Holdinqə daxil olan bir neçə şirkət isə borcların gizlədilməsi və maliyyə hesabatlarının saxtalaşdırılması da daxil olmaqla çoxsaylı pozuntulara görə ümumilikdə 15,8 milyard yuan, yəni təxminən 2,35 milyard dollar cərimə ödəməli olacaq.

Evergrande dünyanın ən böyük borc yükünə malik daşınmaz əmlak şirkətlərindən biri idi. Şirkətin 2021-ci ildə istiqrazlar üzrə defolt elan etdiyi vaxt ümumi borcu 300 milyard dolları ötürdü.

Borcların heç olmasa bir hissəsini ödəmək üçün Hui Ka Yan sonrakı dövrdə 1,1 milyard dollar dəyərində daşınmaz əmlak və incəsənət kolleksiyasının bir hissəsini satmışdı. Evergrande özü də müxtəlif aktivlərin satışına başlamışdı.

2024-cü ildə Honkonq məhkəməsi Evergrande-in ləğv olunmasına qərar verib.

Hui Ka Yan şirkətin defoltundan sonra 2023-cü ildə saxlanılıb. 2024-cü ildə isə o, 6,6 milyon dollar cərimələnib və qiymətli kağızlar bazarında istənilən əməliyyatda iştirak etmək hüququndan ömürlük məhrum edilib.

Həmin vaxt aparılan araşdırmalar Evergrande-in mənfəət göstəricilərini süni şəkildə şişirtdiyini və səhm əməliyyatlarında saxtakarlığa yol verdiyini də üzə çıxarmışdı.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər