İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2021-ci ilin may sayında bildirilir ki, 2021-ci ilin yanvar-aprel aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 27 ölkəsinə 16,9 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib. “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 91 faizini təşkil edib. 2021-ci ilin aprel ayında isə “Azərkosmos” ASC dünyanın 26 ölkəsinə 6,3 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.
2021-ci ilin yanvar-aprel ayları ərzində “Azərkosmos” ASC-nin xidmət ixracı həyata keçirdiyi ölkələrin siyahısında ilk beşlikdə isə ABŞ (5,1 milyon ABŞ dolları), Malayziya (3,6 milyon ABŞ dolları), Birləşmiş Krallıq (3,3 milyon ABŞ dolları), Fransa (2,8 milyon ABŞ dolları) və BƏƏ (579 min ABŞ dolları ilə) qərarlaşıb.