Qarşıdakı 5 ildə azad olunmuş ərazilərdə minalardan təmizlənə təxminən 280 min hektar ərazini əhatə edəcək.
Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin tərəfdaşlığı ilə Bakıda keçirilən “Böyük Qayıdış: İlham Əliyev siyasətinin təntənəsi” adlı konfransda deyib.
Onun sözlərinə görə, “Böyük Qayıdış” proqramı çərçivəsində bir sıra mühüm işlərin də görülməsi nəzərədə tutulur: “Böyük Qayıdış” proqramı qəbul ediləndən öncə biz artıq azad edilmiş ərazilərdə 57 min hektar ərazini minalardan təmizləmişik. Qarşıdakı illərdən bu göstərici daha da artacaq”.
V.Qasımlı bildirib ki, bundan sonra torpaq, su və əmlak resurlarının inventarlaşması və Azərbaycanın mövcud olan rəqəmsal sistemlərinə inteqrasiyası əsas məslələrdən biridir: “Proqram tərtib ediləndə artıq 14 min əmlakın çöl inventarlaşdırma işləri həyata keçirilmişdi. Torpaq resursları ilə bağlı isə təxminən 240 xəritənin hazırlanması işləri həyata keçiriləcək. Mülkiyyət növü olaraq torpaqlar dövlət, özəl və bələdiyyə torpaqlarına bölünəcək. Təxminən 200 min hektar torpaq isə əkin sahələri üzrə inventarlaşacaq”.