Dələduzluqda təqsirləndirilən Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun sabiq əməkdaşı Ramiz Seyidəliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Cavid Hüseynovun icraatına verilib.
Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsinin sabiq əməkdaşı Ramiz Seyidəliyevin qanunsuz əməlləri barədə vətəndaşın daxil olmuş müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Araşdırma zamanı Ramiz Seyidəliyevin qulluq mövqeyindən istifadə edərək, vətəndaşın pensiya məbləğinin artırılmasına kömək edəcəyi vədi ilə aldadaraq, pensiya kartını qanunsuz olaraq götürməklə 2013-2018-ci illər ərzində həmin kartdan ümumilikdə 83 min manat məbləğində pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.
R.Seyidəliyev Cinayət Məcəlləsinin 178.3.2 (qulluq mövqeyindən istifadə etməklə külli miqdarda dələduzluq) və 29, 178.3.2-ci (dələduzluğa cəhd) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib