Ekspertlər milli valyutamızla bağlı 3 və 9 aylıq gözləntilərini açıqladılar
“Manatın məzənnəsinə bir neçə faktor təsir göstərəcək. Yaxın zamanda və ilin sonunadək də bu faktorlar önəmli rol oynayacaq. Birinci əsas faktor beynəlxalq iqtisadi münasibətlərdə baş verən bəzi proseslərdir ki, birbaşa və dolayı yol ilə manata təsir göstərir”.
Bunu Sputnik Azərbaycan-a açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli deyib. Onun fikrincə, bu, dolların dünya miqyasında bahalaşması tendensiyasıdır: “ABŞ Federal Ehtiyat Sistemi (FED) bu il ərzində, azı 2 dəfə, amma bir çox proqnozlara görə, 3 dəfə faiz artırmağı düşünür. Əgər nəzərdə tutulduğu kimi, FED il ərzində 3 dəfə faizi artırsa, bu, dünyada dollar indeksini kifayət qədər bahalaşdıracaq. Dolların dünyada bahalaşması, Azərbaycandan da yan keçməyəcək. Və Azərbaycanda da manatın məzənnəsinə təsir göstərəcək”.
Onun sözlərinə görə, ikinci önəmli faktor neft qiymətləridir: “Neftin qiymətləri OPEC-in hasilatı azaltmasına baxmayaraq, 55 dollardan yuxarı qalxmayıb. OPEC anlaşması da bu ilin iyun ayında bitir. Yeni anlaşmanın olması və ya bu anlaşmanın uzadılması ilə bağlı hələlik heç bir qərar yoxdur. Çox güman ki, olmayacaq. Çünki OPEC ölkələri ciddi bir effektin yaranmasının şahidi olmadı. Həm də OPEC-ə daxil olan 3 ölkə ümumiyyətlə hasilatı azaltmadı. Söhbət Liviya, İran və Nigeriyadan gedir. Bütün dünyada gedən bu proseslər Azərbaycan manatına da təsirsiz ötüşməyəcək”.
“Hər iki ehtimal, yəni, neftin qiymətinin indiki səviyyədə qalması, yaxud bir az da ucuzlaşması, eləcə də, FED-in faiz artırımı manata mənfi təsir göstərəcək. Manatın məzənnəsinin aşağı düşməsi üçün bir şərait formalaşacaq” — deyə Cəfərli qeyd edib.
Ekspertin fikrincə, daxili amillər də bu məsələdə ciddi rol oynayır: “Ölkənin idxaldan asılılığı hələ də çox yüksək səviyyədədir. Bir çox məhsullar, mal və xidmətlər növü üzrə 100 faizlik asılılığımız var. Söhbət dərmandan, elektro texnikadan, məişət kimyasından, geyimdən, avtomobil ehtiyat hissələrindən və s. gedir. Təəssüf ki, ərzaqda da idxaldan asılılığımız hələlik yüksək səviyyədədir. Ona görə də, idxaldan asılılığı nəzərə alsaq, daxildə də manatın məzənnəsinə təzyiq göstərəcək amillər mövcuddur”.
Onun sözlərinə görə, ilin sonuna manatın hansı səviyyədə olacağını proqnozlaşdırmaq çox çətindir: “Çünki Mərkəzi Bankın öz yanaşması və baxış bucağı var. Mərkəzi Bank iqtisadi amillərlə deyil, gələcəkdə hansı addımları atması düşüncəsindən irəli gələrək məzənnədə dəyişiklik edir. Azərbaycanda hələ də inzibati qaydada tənzimlənən məzənnə rejimi fəaliyyət göstərir. Manatın yaxın zamanlarda ən azından əvvəlki maksimal səviyyəyə, yəni, 1,92-1,95 arası dəhlizə qayıtması ehtimalı çox yüksəkdir”.
Bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov da Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, ilin sonuna dolların kursu indikindən baha olacaq: “İlin sonuna ən yaxşı halda 2 manat 50 qəpik olacaq. Çünki valyuta gəlirlərimiz azalır. Manatın uzun müddət indiki səviyyədə saxlanılması faktiki olaraq mümkün deyil. Böyük ehtimalla yaya qədər dolların kursu 2 manatı keçəcək. Amma ilin axırı üçün 2 manat 50 qəpiyi keçmə ehtimalı da var”.