1 C
Baku
Saturday, December 14, 2024

Ər-arvadın əmlakının bölünməsinin proseduru nədən ibarətdir?

“Ər-arvadın əmlakının bölünməsi proseduru çox əhəmiyyətlidir. Bəzi hallarda belə başa düşülür ki, ər arvadın əmlakını yalnız məhkəmələr bölə bilər. Əslində qanun imkan yaradır ki, ər-arvadın əmlak bölgüsünü onların hər ikisinin razılığı əsasında bağladıqları müqavilə ilə bu bölgü həyata keçirilə bilsin”.

Bunu Ali Məhkəmənin mülki kollegiyasının hakimi Zaur Əliyev bildirib.

Hakim qeyd edib ki, daşınmaz əşyalarla bağlı ər-arvad əmlakın bölünməsinə dair notarial qaydada müqavilə imzalayıb öz aralarında bölüşdürə bilərlər: “Bir məqamı da qeyd edim ki, əmlakın bölgüsünə dair ər-arvad arasında müqavilənin bağlanması hələ əmlakın bölüşdürülməsinin başa çatması demək deyil. Bunun üçün müqavilədə göstərilmiş qaydada hansı əşya yaxud hüquq kimə ayrılıb və kimə veriləcəksə, daşınar əşyalar həmin şəxsin sahibliyinə təqdim olunmalıdır. Daşınmaz əşyalarla bağlı qeydiyyatın dəyişdirilməsi üçün isə Daşınmaz Əmlakın Dövlət Reyestrinə ərizə ilə müraciət edilməklə qeydiyyat dəyişdirilməlidir. Bu iki hüquqi hərəkət başa çatdıqdan sonra bölüşdürülmə tamamlanmış sayılır və əmlak hər birinin mülkiyyətinə keçmiş sayılır.

Amma bir çox hallarda tərəflər anlaşa bilmir. Aralarında yaranan mübahisə ilə əlaqədar məhkəməyə müraciət etməli olurlar. Bu zaman əmlakın bölgüsünü məhkəmə aparır. Əslində məhkəmənin də bu barədə verdiyi qərar ər-arvadın ümumi birgə mülkiyyət rejiminin ləğv edilməsidir və onların paylarının müəyyənləşdirilərək fərdi mülkiyyətçi vəziyyətinə keçirilmələridir. Bunun üçün məhkəmə birinci növbədə ümumi əmlakın dairəsini müəyyənləşdirir ki, buraya həm aktivlər həm passivlər daxildir. Passivlər dedikdə borc və öhdəliklər nəzərdə tutulur. Məhkəmə aydınlaşdırır ki, bölgü dedikdə əslində nə nəzərdə tutulur və işin məhkəməyə gəlmə səbəbləri nədir. Əgər hər ikisi bütün əmlakın bölünməsində həmfikirdirsə, məhkəmə tərəflərin paylarını müəyyən edir, həmin paylara uyğun olaraq aktivdə olan əşyaların hər birinin fərdi mülkiyyəti üçün ayırır. Belə ayırma həyata keçirilərkən ilk növbədə onların öz istəkləri soruşulmalıdır.

Z.Əliyev bildirib ki, bəzən məhkəməyə müraciət yalnız əmlak üzərində payın müəyyən edilməsi ilə bağlı olur: “Əslində məhkəmə bu halda pay müəyyən etməklə işini bitirmiş saymamalıdır. Hakim hər bir halda bu iddia ilə məhkəməyə gəlmiş tərəflərin çatmaq istədikləri nəticənin hüquqi mənafeyinin nədən ibarət olduğunu aydınlaşdırmalıdır, tərəflərlə işin hüquqi vəziyyətini müzakirə etməlidir. Bu məhkəmənin xidməti vəzifəsidir. Əgər tərəflərin hər ikisi əslində bölgü, yəni fərdi mülkiyyətçi olmaq istəyirlərsə, yaxud onlardan biri israr edirsə ki, bölgü olsun, bundan sonra məhkəmə həmin qaydada bölgünü həyata keçirməlidir. Yox əgər ər arvad bölüşdürmək istəmirsə, yəni ümumi saxlamaqla birgə deyil, yalnız pay nisbətinin müəyyənləşdirilərək paylı mülkiyyətçi vəziyyətinə keçmək istəyirlərsə, bunu aydın şəkildə ifadə etməlidirlər. Məhkəmə bunu dəqiqləşdirməlidir”.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər