Banker.az saytı EUobserver nəşrinə istinadən xəbər verir ki, Mediapart araşdırmasına görə, Fransa prezidentliyinə namizəd olan Marine Le Pen 2016-cı ilin iyun ayında Rusiyanın «Стратегия» bankından kredit əldə etməyə çalışıb.
Mediapart “Milli cəbhə”-nin partiyadaxili sənədini nəşr edib. Sənədə əsasən, Le Pen və partiyanın digər rəhbərləri 3 milyon avro həcmində kredit əldə edilməsinə razılıq verir. Bu pullar isə Le Penin prezident seçkiləri kampaniyasına xərclənməli idi. Le Pen özü isə məsələyə şərh bildirməkdən imtina edib.
Mediapart qeyd edib ki, bu “Milli cəbhə”-nin Rusiyadakı 3-cü krediti idi.
EUobserver yazır ki, Mediapart nəşri partiyanın bu krediti əldə edib-etməməsini qeyd etmir. «Стратегия» bankı da bu haqda heç bir məlumat verməyib. Rus mətbuatının araşdırmasına görə, Rusiyada bu adla bankın lisenziyası 2016-cı ilin iyul ayında ləğv edilib.
Le Pen özü isə mart ayının sonunda bildirmişdi ki, fransız bankları onun kampaniyasını maliyyələşdirməkdən imtina edir, buna görə də, o maliyyəni xarici ölkələrdə axtarmalı olur. Bununla belə, Le Penin sözlərinə görə, o Rusiyadan pul əldə etməyib.