Neftin qiymətinin yüksəlməsi ÜDM-i 2%-dən çox artıra bilməyəcək. İqtisadi artımı sürətləndirməyin yolu struktur islahatlardan keçir. “Kommersant” qəzeti xəbər verir ki, bu fikri Rusiya Bankının (Mərkəzi Bank) sədri Elvira Nabiullina, maliyyə naziri Anton Siluanov, iqtisadi inkişaf naziri Maksim Oreşkin və “Sberbank”ın İdarə Heyətinin sədri German Qref Moskva Birjası Forumunda səsləndiriblər.
İclasda çıxış edən iqtisadi inkişaf naziri Rusiya iqtisadiyyatının artıq böhrandan çıxdığını və inkişaf etməyə başladığını bildirib. Nazirlik Rusiyada ÜDM-in bu il 2%, Rusiya Bankı – 1-1,5%, Maliyyə Nazirliyi isə 1,5-2% artacağını proqnozlaşdırır. Prezident Vladimir Putinin isə iqtisadi artımı sürətləndirməyi tələb etdiyi bildirilir. Belə ki, bu il qlobal iqtisadiyyat 2,7%, gələn il 3% artacağı ehtimal edilir. Bu da qlobal iqtisadiyyatda payını artırmaq üçün Rusiya iqtisadiyyatının ən az 3,5-4% artmağa məcbur olduğunu göstərir.
Forumda çıxış edən hər 3 dövlət qurumunun başçısı və “Sberbank”ın sədri struktur islahatları olmadan bunun mümkün olmayacağını qeyd ediblər. Onlar idarəetmə sisteminin mütləq dəyişməli olduğunu, bununla da əmək məhsuldarlığının artacağını, “kölgə iqtisadiyyatı”nın azalacağını bildiriblər. Lakin bununla yanaşı, islahatlara paralel olaraq dövlət idarəetmə sisteminin dəyişməsi zərurəti də vurğulanır.