Bu ilin yanvar – iyul aylarında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 11 milyard 474,1 milyon manat vergi daxil olub.
Dövlət Vergi Xidmətinin məlumatına əsasən, bu göstərici proqnoza nisbətən 848,1 milyon manat çoxdur. 2025-ci ilin müvafiq dövrünə nisbətən vergi daxilolmaları 913,3 milyon manat və ya təxminən 8,6 faiz artıb.
Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 8 milyard 488,8 milyon manat təşkil edib və büdcəyə proqnozdan əlavə 251,8 milyon manat vəsait ödənilib. 2025-ci ilin müvafiq dövrünə nisbətən bu sektordan vergi daxilolmaları 898,4 milyon manat və ya 11,8 faiz artıb.
Hesabat dövründə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 4 milyard 37,3 milyon manat olub, proqnozdan əlavə 229,4 milyon manat vəsait ödənilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 2 milyard 687,2 milyon manatdan çox təşkil edib.
Həmin dövrdə işsizlikdən sığorta haqları üzrə daxilolmalar 143,5 milyon manat olub, proqnozdan əlavə 6,8 milyon manat vəsait ödənilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 110,2 milyon manata yaxın təşkil edib.
İcbari tibbi sığorta haqları üzrə daxilolmaların həcmi 606,8 milyon manata yaxın olub, proqnozdan əlavə 15,6 milyon manat vəsait ödənilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 402,4 milyon manata yaxın təşkil edib.






