Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən bəyan etməməklə keçirilməsinə cəhdin qarşısını alıblar.
Bu barədə Banker.az-a Gömrük Komitəsindən məlumat daxil olub.
Heydər Əliyev Beynəlxalq Hava Limanında Bakı-Novosibirsk aviareysilə getmək istəyən Rusiya Federasiyası vətəndaşının gödəkçəsi rentgen aparatından keçirilərkən monitorda kağız pulların təsviri görünüb.
Həmin şəxs saxlanılıb sorğu-sual olunarkən üzərində 500-600 min Rusiya rublu olduğunu bildirib. Lakin şəxsi yoxlama zamanı vətəndaşın gödəkçəsinin cibində gömrük nəzarətinə əvvəlcədən təqdim edilməyən, şifahi, elektron və ya kağız üzərində yazılı formada bəyan olunmayan 182 ədəd – hər biri 5000 Rusiya rublu nominalında əsginaslar olmaqla, cəmi 910 min Rusiya rublu aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.