1 aprel 2017-ci il tarixinə bank VTB (Azərbaycan)-ın aktivləri 429 mln. manat təşkil edib. Bankın öhdəlikləri 393,4 mln. manat olub ki, bundan 192,7 mln. manat və ya 48% müştərilərin, bankların və maliyyə institutlarının payına düşüb. Bank məcmu kapitalını 51 mln. manata qədər artırıb ki, bu da Mərkəzi Bankın kommersiya bankların kapitalına dair müəyyənləşdirdiyi tələbə tam cavab verir. Bankın göstəricilərində birinci dərəcəli kapitalın adekvatlıq səviyyəsi 22,1%, məcmu kapitalın adekvatlığı isə 37,8% təşkil edib. 2017-ci ilin birinci rübünün nəticələrinə əsasən, bankın vergidən əvvəl mənfəəti 561,5 min manat təşkil edib.
Hesabat dövründə bankın kredit portfeli 342,7 mln manat olub ki, bu vəsaitin 210 mln. manatı və ya 61,3%-i sahibkarlığın inkişafı üçün nəzərdə tutulan kreditlərin payına düşüb. Biznesə ayrılan vəsaitin əsas hissəsi ticarət və xidmət sahəsinin maliyyələşdirilməsinə, eləcə də sənaye sektorundakı layihələrə yönəldilib, bu kreditlər müvafiq olaraq 157 mln. manat və 50,3 mln. manat təşkil edib.
Bank, 2016-cı ilin sonunda yeni üçillik strategiya qəbul edib. 2017-2019-cu illəri əhatə edən strategiyaya əsasən korporativ biznes istiqamətinin gücləndirilməsini nəzərdə tutur. Yeni strategiyaya uyğun olaraq, bank kiçik və orta biznesə aid layihələri reallaşdırmağa davam edəcək. VTB (Azərbaycan)-ın potensial müştərilərinə həmçinin biznesləri Rusiya bazarına istiqamətlənmiş sahibkarlar, eləcə də Azərbaycan bazarında işləməyə gələn Rusiya şirkətləri aiddir.