Mayın 15-dən banklar sahibkarlara məxsus plastik kartlardan nağdlaşdırmanı dayandırıb.
Banklar bunu “Nağdsız hesablaşmalar haqqında” qanunda nəzərdə tutulan nağdsız hesablaşmalara tətbiq edilən limitlər ilə əlaqələndirirlər.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) rəhbəri, tanınmış iqtisadçı-ekspert Vüqar Bayramov isə açıqlamasında bu addımın qanunvericiliyin tələblərinə zidd olduğunu deyib:
“Çünki qanunvericilik nağdsız hesablaşmaları qadağan etmir, məhdudlaşdırır. Məhdudlaşdırma isə heç də qadağanın tətbiq edilməsi anlamına gəlmir və gəlməməlidir.
Əvvəllər də qeyd etdiyimiz kimi, mövcud infrastruktur sadələşdirilmiş vergi subyektləri üçün 15, əlavə dəyər vergisi ödəyiciləri üçün müəyyənləşdirilmiş 30 min manatlıq limitlərin tətbiqinə tam hazır deyil. Kartlardan nağdlaşdırmaya tətbiq edilən qadağa da məhz bununla bağlıdır”.
Hər zaman nağdsız ödənişlərin genişləndirilməsini dəstəkləyən iqtisadçı hesab edir ki, bu tip islahatlar biznesin inkişafına maneə olmadan mərhələli şəkildə həyata keçirilməlidir:
“Kartlardan vəsaitlərin nağdlaşdırılmasının qadağan edilməsi, xüsusən də regionlarda nümayəndəliyi olan şirkət və təşkilatlar üçün çətinliklər yaradacaq.
Bu əslində şirkətlərə plastik kartlar, yəni nağdsız şəkildə öz tərəfdaşlarına və nümayəndəliklərinə ödəniş imkanı verirdi.
Bu baxımdan, qanunvericiliyin mövcud tələblərinə əsasən, kartlardan pul çıxarılmasının qadağan edilməsi deyil, limitlər daxilində məhdudlaşdırılmasına ehtiyac var”.