2017-ci ilin yanvar-may aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 5671,7 milyon manat və ya əvvəlki ilin yanvar-may ayları ilə müqayisədə 3,2 faiz az vəsait yönəldilmişdir. Vəsaitin 3663,5 milyon manatı neft sektoruna, 2008,2 milyon manatı isə qeyri-neft sektoruna yönəldilmiş, ümumi sərmayənin 73,1 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilmişdir.
Banker.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
İstifadə olunmuş vəsaitin 82,9 faizi məhsul istehsalı obyektlərinin, 11,9 faizi xidmət sahələri üzrə obyektlərin, 5,2 faizi isə ümumi sahəsi 629,7 min kvadrat metr olan yaşayış evlərinin payına düşür. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 37,3 faizini təşkil etmişdir.
Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 70,4 faiz, bank kreditləri 12,0 faiz, büdcə vəsaitləri 11,2 faiz, əhalinin şəxsi vəsaitləri 4,5 faiz, büdcədənkənar fondların vəsaitləri 1,4 faiz, sair vəsaitlər isə 0,5 faiz təşkil etmişdir.
2017-ci ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasında 2136 şagird yerlik 4 ümumtəhsil məktəb binası, 224 yerlik məktəbəqədər təhsil müəssisəsi, Bakı şəhərində Ali Neft Məktəbinin yeni kampusu, Pirallahı rayonunda körpü, Yevlax şəhərində Varvara balıqartırma müəssisəsi, Saatlı rayonunda 110/35/10 kilovoltluq “Sarıcalar” elektrik yarımstansiyası və s. obyektlər istifadəyə verilmişdir.