Azərbaycanın quruda yerləşən “Muradxanlı-Cəfərli-Zərdab” yataqlar blokunda hasilat aparan Kanadanın “Zenith Energy Ltd.” şirkəti 2016-cı il avqustun 11-dən bu il martın 31-nə qədərAzərbaycandakı əməliyyatlarından 2,56 mln. Kanada dolları (1,965 mln. ABŞ dolları, 3,342 mln. manat) gəlir əldə edib.
Bu barədə bu il martın 31-nə şirkətin auditi aparılmış, illik konsolidə olunmuş maliyyə hesabatında qeyd olunub.
Sənədə əsasən, 2016-cı ilin avqustun 11-də Azərbaycandakı aktivlərin təhvil işləri rəsmən tamamlanıb və “Zenith Energy” təxminən gündəlik 275 barel neft hasilatına başlayıb: “Azərbaycanda aktivlərin alınması ötən il 11 avqustdan bu il 31 mart tarixinə olan dövr ərzində neftdən ümumi gəlirlərin 2,560 mln. Kanada dolları dəyərində artmasında əks olunub”.
Ümumilikdə, şirkətin gəlirləri 4,424 mln. Kanada dolları təşkil edib. Martın sonuna “Zenith” Azərbaycandakı hasilatından 65 432 barel neft satıb.
Şirkətin baş icraçı direktoru Andrea Kattaneo bildirib ki, bu hesabat şirkətin London Fond Birjasında səhmlərinin yerləşdirilməsindən sonra ilk hesabatdır. Onun sözlərinə görə, şirkətin əsas məqsədi Azərbayanda neft hasilatının artımına nail olmaqdır: “Biz 2018-ci il 31 mart tarixinə gündəlik 1000 barel neft hasilatı həyata keçirməyi hədəfləyirik. İnanıram ki, bu il fevral ayında başlayan yatağn bərpası üzrə sistemli proqramımız bu hədəfimizə nail olmağa imkan verəcək”.
Qeyd edək ki, Kanadanın “Zenith Energy Ltd.” şirkəti Azərbaycanda “Zenith Aran Oil Company Ltd.” müəssisəsini yaradıb. 2016-cı il martın 16-da Bakıda Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və “Zenith Aran Oil Company Ltd.” şirkətləri arasında “Muradxanlı-Cəfərli- Zərdab” neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında (PSA) saziş imzalanıb. Sazişi Milli Məclis ötən il iyunun 14-də ratifikasiya edibş Yataqlardan hasilat avqustun 11-də başlanıb.
Layihədə “Zenith” şirkəti 80%-lik, bütövlükdə SOCAR-a məxsus ortaq neft şirkəti isə 20%-lik iştirak payına malikdir. Saziş 25 il müddətində qüvvədə olacaq, onun müddətinin 5 il uzadılması ehtimalı da nəzərə alınıb. Yataqların ümumi sahəsi 642,4 kv. km-lik ərazini əhatə edir.