Banker.az xəbər verir ki, Beynəlxalq maliyyə institutu tərəfindən hazırlanmış dünya borc bazarı ilə bağlı məcmuyə əsasən, 2017-ci ilin birinci rübündə dünya borcunun həcmi rekord hesab olunan 217 trilyon dollara qədər yüksəlib ki, bu da qlobal ÜDM-un 327%-ni təşkil edir.
Ümumi borc həcminə dövlətlərin, bankların, şirkətlərin və ev təsərrüfatlarının borcları daxildir. Analitiklər qeyd edirlər ki, borclar qeyri-bərabər paylanılıb: bir ölkə və yaxud şirkətdə borc azaldıqda, digərində yüksəlir. Həmçinin hesabatda qeyd edilir ki, onların keyfiyyətinin pisləşməsi fonunda borcların artması potensial öhdəlikli ölkələrin həcminin artmasına gətirib çıxara bilər.
Geridə qalan 4 rüb ərzində ən yüksək borc artımı Çin və ABŞ-da müşahidə edilib. Hər iki ölkədə ümumi dövlət borcu 2 trilyon dollar artıb. Belə ki, borc həcmi Çində 32,7 trilyon dollar, ABŞ-da isə 63 trilyon dollara çatıb.
Qeyd edək ki, Fitch reytinq agentliyinin proqnozuna əsasən, dünya iqtisadiyyatı 2018-ci ildə 3,1% artacaq. Qlobal ÜDM artımı 2010-cu ildən bu günə qədər maksimum hesab ediləcək. Analitiklər iddia edirlər ki, 2017-ci ildə dünya iqtisadiyyatı 2,9% artıb.