Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu Kiyevdə qəbul edib və onunla müdafiə və iqtisadi əməkdaşlığı müzakirə edib.
Bu barədə V. Zelenski “Telegram” kanalında bildirib.
“Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul etdim. Cənab nazir Rusiyanın işğalı başlayandan bəri Ukraynaya ilk dəfədir səfər edir. O, səfərinə İrpendən başlayıb və Azərbaycanın yardım göstərdiyi məktəb, xəstəxana, reabilitasiya mərkəzində olub. Ölkəmiz və xalqımız üçün bu çətin günlərdə buraya gəlməyə və bizi dəstəkləməyə imkan tapdığınıza görə çox minnətdarıq. Ukrayna xalqı ilə həmrəyliyə görə təşəkkür edirəm”, – o yazıb.
V. Zelenski Rusiyanın Ukraynaya davam edən zərbələri, Qara dənizdəki vəziyyət və Moskvanın taxıl dəhlizlərini bloklaması barədə C. Bayramovu məlumatlandırıb.
Tərəflər yüksəksəviyyəli diplomatik təmasları, müdafiə əməkdaşlığını, eləcə də energetika, neft-qaz və kənd təsərrüfatı sahəsində iqtisadi qarşılıqlı fəaliyyəti müzakirə ediblər.
“Ukraynaya verdiyi dəstəyə, enerji və humanitar yardıma, həmçinin konstruktiv dialoqa görə Azərbaycana minnətdaram”, – Zelenski deyib.







