Vergilər Nazirliyi vergi orqanlarının büdcədənkənar fonduna ayrılmış və xərclənmiş vəsaitin həcmini açıqlayıb.
Qurumun saytında dərc olunan “Mərkəzi icra hakimiyyəti orqanları əməkdaşlarının həvəsləndirilməsi üçün nəzərdə tutulan və həmin orqanların tabeliyində yaradılan fondların vəsaitindən istifadə haqqında hesabatın dərc edilməsi barədə Forma”ya istinadən, 1 yanvar 2017-ci il tarixinə fondun vəsaitlərinin miqdarı 57,86 mln. manat təşkil edib. 2016-cı ilin yanvarın 1-nə bu rəqəm 30 mln. 764,224 min manat olub. Beləliklə, ötən il fonda 27 mln. 95,776 min manat çox vəsait daxil olub.
Daxil olan vəsaitdən 56 mln. 199,745 min manat xərclənib. Nəticədə hesabat dövrünün sonuna fondda qalıq 1 mln. 660,255 min manat təşkil edib.
Xərclərə nəzər saldıqda məlum olur ki, 906,723 min manat (+3,4 dəfə) ştatda olan işçilərin əmək haqqına, 2 mln. 195,547 min manat (+1,6 dəfə) ştatdankənar işçilərin əmək haqqına, 39 mln. 1,359 min manat (+5 dəfə) əməyin ödənişi ilə bağlı sair pul ödənişlərinə, 9 mln. 237,807 min manat (+4,4 dəfə) Dövlət Sosial Müdafiə Fonduna ayırmalara və s. xərclərə yönəlib.
Hesabat dövrünün sonuna qalan qalıqdan dövlət büdcəsinə ödəniş edilməyib.