Bakı Fond Birjasında (BFB) “Rabitəbank” ASC-nin səhmlərinin alqı-satqısı üzrə əqd bağlanııb.
BFB-yə istinadən, əqd Bankın hər birinin nominal dəyəri 20,29 manat olan 414 367 ədəd səhminin (təxminən 8,4 mln. manatlıq) təkrar bazarda realizə edilməsini nəzərdə tutur.
Məlumata görə, “Rabitəbank” bir qədər əvvəl nizamnamə kapitalını 40 mln. manat artıraraq 88,5 mln. manata çatdırdıqdan sonra Bankın səhmlərinə müxtəlif sahibkar tərəfindən maraq göstərilib. Buna görə də, mövcud səhmdarlar səhmlərin bir hissəsini (təxminən 9,5%-ni) kənar investora satmağa qərar veriblər və bu sövdələşmə BFB-də rəsmiləşdirilib. Hələ ki, yeni səhmdarın adı açıqlanmır.
Xatırladaq ki, “Rabitəbank” 1993-cü ildə yaradılıb. Onun səhmdarları Zakir Əlibala oğlu Nuriyev (Bankın Müşahidə Şurasının sədri), Aslan Tarqulu oğlu Xasiyev, Seyran Əlibala oğlu Nuriyevə (baş direktor), Dilarə Nəsrəddin qızı Nuriyeva, Yaşar Feyzi oğlu Qurbanov (“Meqa Sığorta” ASC-nin 15%-lik səhmdarı) və digər fiziki şəxslərdir.