Azərbaycanda bank olmayan kredit təşkilatlarının (BOKT) vəsaitlərinin aidiyyəti şəxslərə (təşkilatın təsisçiləri, inzibatçıları, struktur bölmələrinin rəhbərləri və onların yaxın qohumları – red.) yönəldilməsinin qarşısı alınacaq.
Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Bank olmayan kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktoru Xəyyam İsmayılov deyib.
Onun sözlərinə görə, əvvəllər BOKT-larda aidiyyəti şəxslərlə bağlı hədd 30 % təşkil edib: “Bununla bağlı həddə yenidən baxdıq. Müqayisə üçün banklara da nəzər salsaq, həm fiziki şəxslərə, həm hüquqi şəxslərə, həm də ümumilikdə aidiyyəti şəxslərə müəyyən hədlər tətbiq etmişik. Fiziki şəxslər üçün 5 %, hüquqi şəxslər üçün 10 %, ümumi aidiyyəti şəxslər üçün isə 15 % hədd müəyyən edilib. Məqsəd bir borcalandan asılılıqla bağlı tələbdən fərqli olaraq, aidiyyəti şəxslərə verilən kreditlərin cəmləşməsinin qarşısını almaqdır. Yəni təşkilatın vəsaitləri aidiyyəti şəxslərə yönəlməsin, əhalinin kreditləşməsinə istiqamətləndirilsin”.
X.İsmayılov qeyd edib ki, gündəlik kredit üzrə limitlər AMB-nin xüsusi yanaşmasıdır və bununla bağlı müəyyən hədlər müəyyən olunub: “Biz mövcud istehlak və biznes kreditləri üzrə hər hansı hədd müəyyən etməmişik”.







