Neft həm fayda gətirə bilər, həm də problem yarada bilər. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev İstanbulda keçirilən 22-ci Dünya Neft Konqresində çıxışı zamanı deyib.
Dövlətimizin başçısı qeyd edib ki, bu gün qaz faktoru dünyada enerji təhlükəsizliyini təmin edən əsas şərtdir: “Bu baxımdan Azərbaycan enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində öz töhfəsini verməkdədir. Eyni zamanda, Azərbaycan qazı Avropaya nəql ediləcək yeganə yeni qaz mənbəyidir, çünki bütün qalan qaz mənbələri fəaliyyətdədir. Yeni mənbə artıq aşkarlanıbdır və yeni xətlə bu qaz ehtiyatları Avropa bazarlarına çıxarılacaqdır. Yəni bizim üstünlüyümüz ondan ibarətdir ki, hər iki faktor burada var. Bu da enerji diversifikasiyası istiqamətində çox ciddi bir addımdır”.
İlham Əliyev bildirib ki, Azərbaycan öz məsuliyyətini dərk edir: “Biz yaxşı başa düşürük ki, tərəfdaş ölkələrlə birlikdə icra etdiyimiz layihələr bir çox ölkələrin enerji balanslarını və enerji təhlükəsizliyini təmin edəcək, onlara kömək edəcək. Biz bu məsuliyyəti öz üzərimizə götürərək, ümid edirəm ki, yaxşı nəticələr göstəririk. Bu konqresdə əlbəttə ki, neft-qaz məsələləri diqqət mərkəzindədir”.
Prezident deyib ki, adətən, neftlə zəngin olmayan ölkələr düşünürlər ki, kaş bizdə də neft olaydı, biz də bundan istifadə edə bilərdik: “Amma mən deyə bilərəm ki, neft həm fayda gətirə bilər, həm də problem, başağrısı yarada bilər. Baxır, neftdən necə istifadə edirsən. Biz Azərbaycanda çalışırdıq ki, “qara qızıl”ı insan kapitalına çevirək və hesab edirəm ki, buna nail olduq. Biz neftdən əldə edilən gəlirləri ilk növbədə çox şəffaf şəkildə qoruyuruq”.