Bu gün Bakı vaxtı ilə saat 15:30-da ABŞ Federal Ehtiyat Sisteminin (FED) rəhbəri Canet Yellenin Konqresdə çıxışı baş tutacaq. Qlobal maliyyə bazarları üçün Yellenin çıxışı xüsusi önəm daşıyır. Belə ki, FED rəhbərinin bugünkü açıqlamaları qurumun uçot dərəcəsini nə zaman artıracağı və monetar sərtləşdirməyə nə zaman başlayacağı barədə məlumat verəcək. Dolların məzənnəsinin dünən, iyulun 11-də qlobal valyuta bazarında düşdüyünü nəzərə alsaq, investorların Yellenin çıxışından ehtiyat etdiklərini söyləmək olar. Buna səbəb son zamanlar ABŞ iqtisadi göstəricilərinin çox güclü olmaması amili göstərilir.
“Report”un analitik qrupu hesab edir ki, Yellenin çıxışı uçot dərəcəsinin bu il daha bir dəfə artırılacağı və monetar sərtləşdirmə proqramının yumşaq şəkildə başlayacağına işarə edəcək. Belə ki, ötən həftə açıqlanan ABŞ-dakı məşğulluq göstəricisinin proqnozları üstələməsi Yellenin bu istiqamətdə açıqlama verməsinə əsas yaradır. Əgər belə olarsa, dolların məzənnəsində kəskin yüksəliş yaşana bilər. Əks halda, yəni Yellen ABŞ iqtisadi göstəricilərinin müşahidə olunmasına və buna görə qərar verilməsinə işarə edərsə, o zaman dolların qlobal valyuta bazarında ucuzlaşması davam edəcək.