ABŞ-nin S&P 500 indeksi üzrə fyuçerslər 0,24% azalaraq 7731,25 bəndə düşüb. Cümə axşamı keçirilən ticarətin yekununda S&P 500 indeksi 0,25% azalaraq 7709,41 bənd, Dow Jones 0,9% geriləyərək 53 884,31 bənd, Nasdaq 100 isə 0,39% itirərək 29 374,36 bənd təşkil edib.
İnvestorlar Yaxın Şərqdəki vəziyyəti izləməkdə davam edirlər. Hörmüz boğazının fəaliyyətinin bərpasına dair razılaşma ilə bağlı qeyri-müəyyənlik fonunda neft qiymətləri ötən gün nəzərəçarpacaq dərəcədə yüksəlib. Brent markalı neft üzrə fyuçerslərin qiyməti gün ərzində bir barel üçün 83 dolları ötüb.
Treyderlər enerji resurslarının yüksək qiymətlərinin inflyasiyanın sürətlənməsinə və ABŞ Federal Ehtiyat Sisteminin pul-kredit siyasətini sərtləşdirməsinə səbəb ola biləcəyindən yenidən narahatdırlar. Bu gün bazar iştirakçıları ABŞ-də iyul ayı üzrə əmək bazarı hesabatının açıqlanmasını gözləyirlər. Bu məlumatlar FED-in sentyabr iclası ilə bağlı gözləntilərə təsir göstərəcək.
Asiya bazarlarında isə qarışıq dinamika müşahidə olunur. Yaponiya və Cənubi Koreyadakı treyderlər iri şirkətlərin süni intellektə yatırdıqları investisiyaların özünü doğruldub-doğrultmayacağı ilə bağlı şübhələrini davam etdirirlər. Nikkei 225 indeksi 0,56% azalaraq 65 315,15 bəndə, Kospi isə 0,99% geriləyərək 6234,31 bəndə düşüb. Honkonqun Hang Seng indeksi 0,15% artaraq 25 567,85 bənd, Çinin Shanghai Composite indeksi isə 0,49% yüksələrək 3919,51 bənd təşkil edib.
Bloomberg yazır ki, Hörmüz boğazının fəaliyyətinin bərpasına dair uzunmüddətli razılaşmanın əldə olunması perspektivləri qeyri-müəyyən qaldığı üçün neft qiymətləri artır. Brent markalı neft üzrə fyuçerslər 1,76% bahalaşaraq bir barel üçün 83,94 dollara, WTI markalı neft üzrə fyuçerslər isə 1,51% yüksələrək 78,46 dollara çatıb.







