2 C
Baku
Saturday, December 14, 2024

İnvestorları cəlb edəcək 196 əmlak özəlləşdirməyə çıxarılır

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən avqustun 15-də dövlət əmlakının özəlləşdirilməsi üzrə hərrac keçiriləcək. Vətəndaşların və potensial investorların bu hərracda özəlləşməyə çıxarılan 196 dövlət əmlakına sahib olmaq imkanı var. Bunlardan 75-i kiçik dövlət müəssisə və obyekti, 101-i istifadəsiz qeyri-yaşayış sahəsi, 20-si isə səhmdar cəmiyyətləridir.

ƏMDK-dan bildirilib ki, hərraca çıxarılan səhmdar cəmiyyətlər sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr vardır. Belə səhmdar cəmiyyətlərə “Sabirabad Mexanikləşdirmə“, “Zaqatala Fındıq”, “Xəzər Avtonəqliyyat “, “Bərdə Kəndkimya”, “Ucar Tikinti”, “Kürdəmir Aqrotexservis” və digər bu kimi səhmdar cəmiyyətlər aiddir. Hərraca çıxarılan səhmdar cəmiyyətlər paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir.

Hərraca çıxarılan səhmdar cəmiyyətlərin nizamnamə kapitalı 69 min manatla 850 min manat arasında dəyişir. Bu kateqoriyaya aid edilənlər arasında səhmlərinin özəlləşdirməyə çıxarılan ilkin start qiyməti ən çox olanı “Sabirabad Mexanikləşdirmə“ Açıq Səhmdar Cəmiyyətidir. Bu səhmdar cəmiyyətin səhminin 30 faizi 128 min manata yaxındır. Bundan başqa “Zaqatala Fındıq” Açıq Səhmdar Cəmiyyəti də qiymətinə görə digərlərindən fərqlənir. Həmin səhmdar cəmiyyətin səhminin 30 faizi 126 min manata yaxın təklif olunur.

Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye, nəqliyyat və digər sahələri aiddir. Bu əmlaklar paytaxtla yanaşı, Gəncə, Mingəçevir, Sumqayıt şəhərində, habelə Abşeron, Şəmkir, Xaçmaz və digər rayonlarda yerləşir. Özəlləşdirilən əmlakların ümumi faydalı sahəsi 13 kvadratmetr ilə 2100 kvadratmetr arasında dəyişir. Hərracda ən yüksək qiymətə özəlləşdirməyə açıq elan edilən kiçik dövlət müəssisəsi paytaxtın Suraxanı rayonunda yerləşən 42 saylı mağazadır. Həmin əmlak 400 min manata təklif edilir. Ümumi faydalı sahəsi 1712 kvadratmetr təşkil edir. Bakının Qaradağ rayonunda yerləşən 22 saylı avtodayanacaq 216 min manat, Qusar rayonunda yerləşən Kərpic istehsalı müəssisəsi isə 210 min manat olmaqla qiyməti ilə seçilənlər sırasındadır.

Özəlləşdirilməyə açıq elan edilən istifadəsiz qeyri-yaşayış sahəsindən isə 12-si respublikanın digər şəhər və rayonlarında, qalanları isə paytaxtda yerləşir.

Bəzi əmlaklar torpaq sahəsi ilə birgə özəlləşdirilir. Bunlara paytaxtın Qaradağ rayonunda yerləşən dülgər emalatxanasını, Astarada olan 45 saylı mehmanxananı, Xaçmazda yerləşən 8 saylı yanacaqdoldurma məntəqəsini nümunə kimi göstərmək olar.

Vətəndaşların və potensial investorların hərracda əmlaka yiyələnməsi üçün cəmi 2 sadə prosedur keçmələri kifayət edir. Bunun üçün “privatization.az” portalına daxil olub, əmlakı seçib sifariş vermək və 10 faiz məbləğində behi elektron qaydada ödəmək yetərlidir. Elektron sifarişlər hərracın keçirilməsinə 3 bank günü qalanadək verilməlidir.

Hərrac barədə ictimai məlumatlandırma Özəlləşdirmə portalı ilə bərabər, həm komitənin rəsmi saytı, həm də komitənin “facebook”dakı rəsmi səhifəsi və “privatization.az” səhifəsi vasitəsilə aparılır. Bundan əlavə, komitənin Özəlləşdirmə portalında onlayn məsləhət pəncərəsi vasitəsilə hərraclar və əmlaklar barədə suallar cavablandırılır. Bununla yanaşı, dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı elanlar, habelə hərraclarda iştirak qaydaları barədə məlumat komitənin rəsmi mətbuat orqanı olan “Mülkiyyət” qəzetində də dərc edilir.

Hərraca çıxarılan əmlaklara istənilən şəxs, investorlar sifariş verə bilər. Ziyarətçilər isə özəlləşdirmə portalında sifariş verdiyi əmlakla bağlı bütün məlumatlarla tanış ola bilərlər. Əmlakın adı, ünvanı, sahəsi, ilkin start qiyməti və digər informasiyalar portalda yerləşdirilib.

Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir.

Son xəbərlər
Digər xəbərlər