İyulun 18-də Türkiyə Respublikasının Bakı şəhərindəki səfirliyində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev və Türkiyə Respublikasının gömrük və ticarət naziri Bülent Tüfenkcinin Azərbaycanda fəaliyyət göstərən türkiyəli iş adamları ilə görüşü keçirilib.
Bu barədə Banker.az-a DGK-dan məlumat daxil olub.
Məlumata görə, görüşdə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral da iştirak edib.
İki ölkə arasındakı ticarət dövriyyəsi barədə görüş iştirakçılarına məlumat verən türkiyəli nazir mövcud potensialın bundan dəfələrlə çox olduğunu və bu potensialın həyata keçirilməsi üçün bütün vacib addımların atılacağını bildirib. Bülent Tüfenkci Azərbaycanın tranzit imkanlarının da Türkiyə üçün xüsusi önəm daşıdığını və bu istiqamətdə də mühüm addımlar atıldığını söyləyib. Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Bakı-Tbilisi-Qars dəmir yolu xətti kimi layihələrin icrasının artıq yekunlaşmaqda olduğunu və bu layihələrin fəaliyyətə başlamasından sonra Asiya ilə Avropa arasındakı ticarət yolunun tarixi marşrutuna qayıdacağını vurğulayan türkiyəli nazir Türkiyə iş adamlarına Azərbaycana investisiya yatırmağı tövsiyə edib.
Komitə sədri A. Əliyev iki ölkə arasındakı iqtisadi münasibətlərin yalnız ticarət sahəsində deyil, istehsal və emal sahəsində də inkişafının vacibliyinə toxunub və bu məqsədlə Azərbaycanda türkiyəli iş adamları üçün münbit şəraitin mövcud olduğunu qeyd edib. Komitə sədri onu da bildirib ki, Azərbaycanda istehsal edilən hər hansı məhsul MDB bazarına gömrük vergi və rüsumlarından azad şəkildə daxil olur ki, bu da investorların bazar probleminin əhəmiyyətli dərəcədə həllinə kömək göstərir.
Aydın Əliyev son dövrlər bəzi türkiyəli iş adamlarının da gömrük vergi və rüsumlarından yayınmaq məqsədilə idxal etdikləri malların dəyərini aşağı göstərməyə çalışdıqlarını bildirib və onları qanunvericiliyin tələblərinə əməl etməyə çağırıb.
Görüşün sonunda sahibkarları maraqlandıran suallar ətraflı cavablandırılıb.