Banker.az Bloomberg agentliyinə istinadən xəbər verir ki, Almaniyanın nəhəng maliyyə təşkilatı Deutsche Bank Brexit səbəbindən Böyük Britaniyada olan hesablardakı təqribən 350 milyard dolları Almaniyanın Frankfurt şəhərindəki hesablara köçürə bilər.
Agentliyin verdiyi məlumata görə, layihə 2018-ci ilin sentyabr ayından başlayaraq yarım il ərzində həyata keçiriləcək. Bununla belə, Deutsche Bank-ın rəsmi nümayəndəsi Monika Şaller sözügedən bu məlumata şərh bildirməkdən imtina edib.
Böyük Britaniyanın baş naziri Tereza May Brexit prosedurunun formal şəkildə işə salındığı barədə sənəd imzalayıb. Bu prosesin şərtləri barədə danışıqlar iki il ərzində baş tutacaq.
Qeyd edək ki, Böyük Britaniyanın Avropa İttifaqının tərkibindən çıxması barədə qərar 2016-cı ilin 23 iyun tarixində keçirilən referendumun nəticələrinə əsasən verildi. Səsvermədə iştirak edənlərin yarıdan çoxu ölkənin Aİ tərkibindən çıxmasına səs vermişdi.








