24 iyul tarixində baş tutan hərracın yekunlarına əsasən, Morgan Stanley səhmləri son aylar ərzində rekord hesab olunan 46,71 dollar səviyyəsinə qədər bahalaşıb. Beləliklə, bankın kapitalizasiyası 86,4 milyard dollar təşkil edib.
Bununla eyni zamanda, Goldman Sachs səhmləri 218,18 dollar səviyyəsinə qədər bir qədər ucuzlaşıb ki, bankın kapitalizasiyası da 85,88 milyard dollar səviyyəsində qərarlaşıb.
Vəziyyət uzun müddət əksinə idi: hələ 2009-cu ildə Morgan Stanley bazar dəyərinə görə Goldman Sachs-dan 53 milyard dollar geri qalırdı. Bu Goldman Sachs-ın maliyyə böhranından sonra kifayət qədər güclü göstəricilər nümayiş etdirməsi ilə əlaqədar idi. Lakin bank son zamanlar dünya maliyyə bazarlarının dəyişkənliyinin zəifləməsindən və tənzimlənmənin sərtləşdirilməsindən əziyyət çəkirdi.
Böhrandan çətinliklə çıxan Morgan Stanley isə öz növbəsində, varlı müştərilərin aktivlərinin idarə edilməsi də daxil olmaqla, diqqətini daha sabit biznes istiqamətlərinə yönəltmişdi. Bank həmçinin sabit gəlirli aktivlərlə ticarət üzrə əməliyyatları da azaltdı.
2017-ci ilin ikinci rübündə Morgan Stanley bankının gəlir və mənfəəti analitiklərin proqnozlarını üstələyib, Goldman Sachs isə əksinə, sabit gəlirli qiymətli kağızlar, valyuta və xam məhsul ilə həyata keçirilən əməliyyatlardan gələn gəlirin 40%-ni itirib.







