“Moody’s”: Azərbaycanın bank sistemi streslərə tab gətirmək üçün yüksək likvidliyə malikdir

“Moody’s Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın bank sektorunda islahatlarla bağlı müsbət dinamikanın sistem risklərinin azalmasına, aktivlərin keyfiyyətinin yaxşılaşmasına və bankların mümkün zərərləri udmaq qabiliyyətinin yüksəlməsinə kömək etdiyini qeyd edir.

“Moody’s Ratings”in məlumatına əsasən, Azərbaycan prudensial tənzimləməni və beynəlxalq standartların tətbiqini fəal şəkildə gücləndirir.

Xüsusilə ölkədə artıq Bazel III çərçivəsində yeni kapital buferləri tətbiq edilib, bank sisteminin 2027-ci il yanvarın 1-dən etibarən Bazel III standartlarına tam uyğunluğuna nail olması gözlənilir.

“Mərkəzi Asiya və Cənubi Qafqazda, o cümlədən Qazaxıstan (Baa1, sabit), Azərbaycan (Baa3, müsbət), Gürcüstan (Ba2, sabit), Ermənistan (Ba3, müsbət), Özbəkistan (Ba2, sabit), Tacikistan (B2, sabit) və Qırğızıstanda (B3, müsbət) bank tənzimləyiciləri beynəlxalq standartlara keçid etdikcə nəzarət bazalarını və prudensial tənzimləməni gücləndirir. Bu, kredit reytinqlərinə müsbət təsir göstərir, çünki onlar kreditlərin keyfiyyətinin yaxşılaşmasına, zərərin udulması potensialının güclənməsinə və sistem riskinin tədricən azalmasına kömək edəcək. Tənzimləmə sahəsində sərtləşdirmələrin davam edəcəyi ehtimal olunur, lakin zəif institusional potensial, icra zamanı mövcud boşluqlar və qanunun aliliyi sahəsindəki çatışmazlıqlar bəzi ölkələrdə tərəqqini hələ də ləngidir”, – agentliyin analitikləri qeyd edirlər.

Moody’s qeyd edib ki, Azərbaycan Mərkəzi Bankı risk əsaslı nəzarət qaydaları tətbiq edir və kapital buferinə dair tələbləri artırır. Daha yüksək kapital tələbləri Azərbaycan banklarının ödəmə qabiliyyətini gücləndirib.

Agentliyin məlumatına görə, Azərbaycanın bank sektorunda aktivlərin keyfiyyət və zərərlərin udulması göstəriciləri 2019-cu illə müqayisədə əhəmiyyətli dərəcədə yaxşılaşıb. Kreditlərin ümumi həcmində problemli kreditlərin (Stage 3 + POCI) payı 2019-cu ildəki təxminən 14-15 % səviyyəsindən 2025-ci ilin sonuna təqribən 3-4 %-ə qədər azalıb, problemli kreditlərin maddi ümumi kapitala və rezervlərə (TCE + LLR) nisbəti isə 2019-cu ildəki 40 %-dən çox səviyyədən 2025-ci ilin sonuna 10 %-dən aşağı səviyyəyə qədər azalıb.

“Ölkənin bank sistemi stress vəziyyətlərinə tab gətirmək üçün kifayət qədər likvidlik səviyyəsini qoruyub saxlayır”, – “Moody’s” qeyd edir.

Eyni zamanda, agentliyin analitikləri qeyd edirlər ki, FSAP (Beynəlxalq Valyuta Fondu və Dünya Bankının maliyyə sektorunun qiymətləndirilməsi proqramı) proqramının qiymətləndirmələrinə əsasən, Azərbaycanın tənzimləyici mühitində təkmilləşdirilməli zonalar qalmaqdadır. Onlara tənzimləyicinin müstəqilliyinin gücləndirilməsi, konsolidə edilmiş nəzarətin inkişafı, antiböhran idarəetməsi və digər mexanizmlərin təkmilləşdirilməsi daxildir.

“Moody’s” həmçinin dövlətin iqtisadiyyatda yüksək səviyyədə iştirakını vurğulayır ki, bu da korporativ idarəetməyə xüsusi diqqət yetirilməsini tələb edir.

Bununla belə, “Moody’s” cari institusional təkmilləşmələrin dəstəyi ilə Özbəkistan və Azərbaycanın Qazaxıstan, Ermənistan və Gürcüstan kimi regional analoqları ilə yaxınlaşacağını, bunun isə gələcəkdə kapitallaşmanın, idarəetmənin və risk-menecmentin gücləndirilməsi hesabına Azərbaycan banklarının müstəqil kredit qabiliyyətini dəstəkləyəcəyii gözləyir.

MənbəREPORT
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər