Mərkəzi Bankın İdarə Heyəti 1 avqust 2017-ci il tarixində uçot dərəcəsinin 15% səviyyəsində və faiz dəhlizinin digər parametrlərinin (dəhlizin aşağı həddi 10%, yuxarı həddi 18%) dəyişməz saxlanılması barədə qərar qəbul etmişdir.
Makroiqtisadi sabitliyin dərinləşdiyi bir şəraitdə iqtisadiyyatın aparıcı sektorunda işgüzar aktivliyin bərpası davam edir. Xarici balansın yaxşılaşması şəraitində valyuta bazarının tarazlığı təmin olunur və manatın məzənnəsi sabitdir. Qeyd olunan meyillər fonunda fiskal və maliyyə sektorunun likvidliyinin idarə edilməsi məqsədilə Mərkəzi Bank öz balansını bir qədər genişləndirmiş və iqtisadiyyata pul təklifini artırmışdır. İnflyasiya gözləntilərinin nisbətən səngiməsi davam etsə də inflyasiya ilə əlaqəli, xüsusilə təklif və struktur xarakterli risklər tam aradan qalxmayıb.
Faiz dəhlizinin parametrlərinə dair qərar qəbul edilərkən iqtisadi aktivlik, xarici balans/ məzənnə və monetar şərait kimi makroiqtisadi meyillər nəzərə alınmışdır.
Mərkəzi Bankın İdarə Heyətində faiz dəhlizinin parametrləri növbəti dəfə 18 sentyabr 2017-ci il tarixdə müzakirə ediləcəkdir.