Avropa Mərkəzi Bankının (ECB) bu gün keçiriləcək növbəti iclasında sədr Mario Draqi son vaxtlar avronun məzənnəsinin kəskin möhkəmlənməsi probleminə toxunmayacaq.
Rusiya mətbuatına istinadən, bu açıqlama ilə Avstraliyanın “ANZ Bank”ının ekspertləri çıxış edib.
Onların fikrincə, ECB rəhbərinin açıqlamalarından sonra avro qısamüddətli bahalaşacaq. Bunun üçün isə 5 əsas var. İlk növbədə Avropanın vahid valyutasının məzənnəsi düşünüldüyü qədər çox güclənməyib və onun bahalaşması yavaş templərlə və uzun müddətdir ki, davam edir. İkincisi avronun cari məzənnəsi avrozona iqtisadiyyatının yaxşılaşması perspektivlərinə və deflyasiya risklərinin azalmasına uyğundur. Üçüncüsü ECB monetar ekspanisya proqramını bitirməyə yaxındır və hələ ki, uçot dərəcəsini azaltmağa ehtiyacın olmadığını bildirib. Dördüncüsü, avronun dollarla müqayisədə orta məzənnəsi 2017-ci ilin ilk 8 ayında 1,105 olub ki, bu da 2016-cı ilin ilk 8 ayındakı orta məzənnədən (1,116) hələ də aşağıdır. Beşincisi, ECB hazırda avronun baha olduğunu vurğulayarsa, o zaman maliyyə bazarlarını çaşdıra bilər.