Dövlət Gömrük Komitəsi Azərbaycana idxal edilən kərə yağının bahalaşmasına münasibət bildirib. Rəsmi məlumata görə, 2016-cı ildə Azərbaycan Respublikasına 22 ölkədən 51 şirkət 28377938.84 ABŞ dolları dəyərində 8357095.43 kq, 2017-ci ilin 9 ayı ərzində isə 44 şirkət 16 ölkədən 35 998149.22 ABŞ dolları dəyərində 8391526.17 kq yağ idxal edib.
Statistik rəqəmlərdən də göründüyü kimi, ötən il 1 kq yağ 3.39 ABŞ dollarına, cari ildə isə 1 kq yağ 4.28 ABŞ dollarına rəsmiləşdirilib ki, mövcud artım da dünya bazarında yağ məhsulunun bahalaşması ilə əlaqədardır.
Rəsmi qurum bəyan edib ki, daxili bazarda formalaşan qiymətlər Dövlət Gömrük Komitəsinin səlahiyyətlərinə aid deyil.
Məsələ ilə bağlı İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev mənbənin sorğusuna cavab olaraq bildirib ki, kərə yağının qiymətləri dövlət tərəfindən tənzimlənən malların siyahısına daxil deyil:
“Məlumdur ki, qiymətləri dövlət tərəfindən tənzimlənən məhsullar istisna olmaqla, ölkədə digər malların qiymətləri azad rəqabət mühitində, tələb-təklif əsasında formalaşır. Kərə yağının qiymətləri dövlət tərəfindən tənzimlənən malların siyahısına daxil deyil.
İdxal kərə yağının qiymətindəki dəyişikliklər idxalçı ölkələrdə qiymətlərin artması ilə əlaqədardır. Rəsmi məlumatlara görə, ölkəyə idxal olunan kərə yağının təxminən 80%-i Yeni Zelandiyanın payına düşür. Yeni Zelandiyanın da daxil olduğu Okeaniyada 1 ton kərə yağı ötən ilin müvafiq dövrü ilə müqayisədə 70%-ə yaxın bahalaşıb. Bundan başqa, qiymətə nəqliyyat xərcləri, gömrük, vergi və rüsumları, məhsulun saxlanılması, ticarət şəbəkəsinə çatdırılması kimi digər xərclər də daxildir”.
Yerli istehsal olan kərə yağına gəldikdə isə A.Əliyev bildirib ki, burada qiymətə təsir edən əsas amil yemin, o cümlədən yonca və kəpəyin qiymətinin bahalaşmasıdır.
“İstehsalda və idxalda azad rəqabət formalaşıb, inhisarçılıqdan danışmaq yersizdir”.