Bankomatlar sizin plastik kartlarla, iş vaxtı nağd pulun verilməsi , inkasso edilməsi və başqa əməliyyatların həyata keçirilməsi üçün istifadə edə biləcəyiniz bank avtomatlarıdır.
Hazırda ölkəmizin demək olar ki, hər yerində bu aparatlar qurulmuşdur.
Bankomat vasitəsilə hazırda hansı əməliyyatları həyata keçirməyiniz mümkündür.
- Hesabınızdan milli valyuta ilə və ya ABŞ dolları ilə nağd vəsait çıxara bilərsiniz
- Azercell, Bakcell və NarMobile mobil telefon rabitəsindən istifadəyə görə abunə haqqını ödəyə bilərsiniz
- Kommunal xidmətlərə görə hesabları ödəyə bilərsiniz Hesabınızdan çıxarış ala bilərsiniz: məbləğ və əməliyyatın vaxtı, həmçinin çıxarış alınan vaxta hesabın balansı göstərilməklə çıxarışda sizin xüsusi kart hesabınız üzrə on son əməliyyatlar barəsində məlumat göstərilir.
Əslində bu əməliyyatları həyata keçirmək çox asan olmasına baxmayaraq ani bir diqqətsizliklə səhvə yol verməyiniz qarşısı alınmazdır. Bankomat vasitəsilə siz kommunal və ya mobil telefonunuzun abunə haqqını ödədiyiniz üçün ilk növbədə sizə plastik kartı verən bankın filialına müraciət etməli və müvafiq formanı (bukletə əlavə olunur) doldurmalısınız. Bundan sonra isə ödənişlər etdiyiniz zaman istədiyiniz ödənişi edə biləcəksiniz. Lakin bu zaman siz səhvə yol versəniz, etdiyiniz ödəniş sizin yox başqa şəxsin hesabına köçə bilər.
Misal olaraq, siz Bakcell mobil operatorundan istifadə edirsiniz lakin ödəniş etdiyiniz zaman digər bir operator olan Azercell nömrəsinə ödəniş etmisiniz. Bununla yanaşı kommunal xərcləriniz zamanı ödəniş etdiyiniz zaman da əgər abunəçi kodunuzu səhv daxil etsəniz,bu zaman ödəniş sizin hesabınıza oturmayacaqdır. Bəs belə bir hadisə ilə qarşılaşdıqda səhv ödənilən pulları geri qaytarmağınız mümkündürmü ?
Əgər siz Azercell və Bakcell mobil telefon rabitəsindən istifadəyə görə abunə haqqınıza ödəniş edərkən yanlışlıqla digər, sizə aid olmayan mobil operatorunun nömrəsinə ödəniş edirsinizsə, bu zaman təbii ki, ödəniş sizin yox digər nömrənin hesabına köçürüləcəkdir.
Digər operatorlarda olduğu kimi NarMobile abunəçiləri də ödəniş etdikləri zaman “NARMOBILE Ödəmə”ni seçərək, daha sonra isə müvafiq sahələrə lazımi məlumatı daxil etməli olacaqsınız , ödəməni təsdiq etdikdən sonra isə ekranda əməliyyatın detalları görəcəksiniz.
Bu hadisə ilə qarşılaşdığınız zaman gec olmadan banka yaxınlaşmalısınız. Bu zaman bank araşdırmalar aparacaqdır. Əgər yanlış ödəniş etdiyiniz zaman ödəniş aktiv olmayan nömrənin hesabına köçübsə siz pulunuzu əldə edə biləcəksiniz. Yox əgər əksinə ödəniş etdiyiniz nömrə aktivdirsə, bu zaman sizin pulunuz geri qaytarılmaya bilər. Çünki həmin şəxs ola bilər ki, sizin köçürdüyünüz məbləğdən istifadə etsin və bu zaman həmin şəxsin balansında kifayət qədər məbləğ olmadığından siz pulunuzu geri ala bilməyəsiniz. Bu isə tamamilə sizin səhviniz olduğundan yalnış etdiyiniz ödənişi həmin şəxsdən geri tələb edə bilməzsiniz.
Eyni hadisə ilə kommunal xərclərinizi ödədiyiniz zaman da qarşılaşa bilərsiniz. Bu zaman da siz, əgər abunəçi nömrənizi qeyd etdikdə yalnışlıqla digər bir vətəndaşın abunəçi nömrəsini qeyd etsəniz, sizin ödənişiniz səhv ünvana köçürüləcəkdir. Belə bir hadisə ilə qarşılaşdığınız zaman sizin həmin anda banka yaxınlaşmalısınız. Sizin müraciətiniz əsasında bank araşdırma aparacaq və ödənişin həqiqətən də yanlış ünvana köçdüyü dəqiqləşdiriləcəkdir. Bundan sonra baş verən prosedurlarda bank sizə pulunuzun geri qaytara biləcəyiniz və yaxudmümkün olmadıqda səbəblərini aydınlaşdıracaqdır.
Bu kimi hadisələrlə qarşılaşmamağınız üçün bütün ödənişlərinizi etdiyiniz zaman daha diqqətli olmağınız məsləhət görülür. Çünki sadəcə bir rəqəm səhvi etməklə ödənişinizi yalnış edə bilərsiniz.