2 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanda yeni sənaye müəssisələri fəaliyyətə başlayacaq

İndiyə qədər Sumqayıt Kimya Sənaye Parkında ümumi investisiyalarının həcmi 1,2 mlrd. ABŞ dollarına qədər olan 11 müəssisəyə rezident statusu verilib.

Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayevin rəsmi mətbuatda dərc edilmiş məqaləsində bildirilir.

Nazir qeyd edib ki, bu il Sumqayıt Kimya Sənaye Parkında daha 4 müəssisə, 2018-ci ildə isə əlavə olaraq 4 istehsal obyekti fəaliyyətə başlayacaq. Bu müəssisələrdə 900-ə yaxın yeni iş yerinin açılması nəzərdə tutulur.

“Dövlət başçısının iştirakı ilə bu yaxınlarda istifadəyə verilmış və “yaşıl iqtisadiyyat”ın, təkrar emal sənayesinin inkişafında əhəmiyyətli olan Balaxanı Sənaye Parkında işlənmiş mühərrik yağlarının, tullantı plastik butulkaların (PET) və plastik materialların, kağız-karton məmulatların, süngər tullantılarının təkrar emalı sahəsində 5 rezident fəaliyyət göstərir. Bu rezidentlər tərəfindən parka ümumilikdə 23 mln. manat investisiya yatırılıb, 400-ə yaxın daimi iş yeri yaradılıb. Sənaye parklarına əlavə rezidentlərin cəlb olunması istiqamətindfə işlər davam etdirilir”, – deyə Ş.Mustafayev bildirib.

Bundan başqa, onun sözlərinə görə, Mingəçevir Sənaye Parkında yüngül sənaye məhsulları, o cümlədən ayaqqabı, tibbi kosmetika, iplik, boyama, toxuma, tikiş və corab istehsalı üzrə 9 fabrik yaradılacaq və 5 mindən çox yeni iş yeri açılılacaq: “Artıq Mingəçevir Sənaye Parkının rezidenti olan şirkət 2 növdə ipliklərin istehsalı fabrikinin tikintisinə başlayıb. Bu ilin sonunda istismara veriləcək zavodun investisiya dəyəri 46 mln. dollardır və layihə çərçivəsində 550 yeni iş yerinin yaradılması planlaşdırılır”.

Nazir həmçinin bildirib ki, Azərbaycan üçün yeni sənaye sahəsi olan əczaçılıq məhsullarının istehsalı məqsədilə yaradılmış Pirallahı Sənaye Parkında Rusiya və İranla birgə 2 dərman zavodunun təməli qoyulub: “Birdəfəlik şprislərin istehsalını nəzərdə tutan “Diamed Co” zavodunun tikintisinə isə yaxın zamanlarda başlanılacaq. Ümumilikdə, bu müəssisələrdə 350-yə yaxın yeni iş yerinin açılması nəzərdə tutulur. Hazırda Avropanın, Yaponiya və Cənubi Koreyanın aparıcı şirkətləri ilə əczaçılıq məhsullarının birgə istehsalının təşkilinə dair danışıqlar aparılır”.

Onun sözlərinə görə, ümumilikdə sənaye parklarına rezidentlər tərəfindən bu vaxta qədər 1,1 mlrd. dollar investisiya yatırılıb, tikintidə və istehsalatda 5500-dən çox iş yeri açılıb: “Layihələr üzrə növbəti mərhələdə isə 850 mln. dollardan çox investisiyanın qoyulması və 7 500-dən artıq yeni iş yerinin yaradılması nəzərdə tutulur”.

Ş.Mustafayev həmçinin bildirib ki, hazırda tikintisi davam edən və bu ilin sonuna istifadəyə veriləcək Masallı Sənaye Məhəlləsinə də sahibkarların marağı böyükdür və artıq ümumi dəyəri 33 mln. manatdan çox olan 33 layihə təqdim olunub: “Bu layihələr əsasən avtomobil, mebel, alüminium və plastik qapı-pəncərə, eləcə də müxtəlif növ tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının emalı sahələrini əhatə edir. Hacıqabul Sənaye Məhəlləsinin təşkili istiqamətində işlər davam etdirilir. Dövlət başçısının tapşırığına əsasən, ölkəmizin digər regionlarında da sənaye məhəllələrinin yaradılması istiqamətində araşdırmalar aparılır”.

“Qeyri-ənənəvi sənaye sahələri ilə yanaşı, ənənəvi sənaye sahələrinin inkişafına da böyük diqqət göstərilir. Məsələn, 2016-cı ildə “Azərxalça” ASC yaradılıb, 10 rayonda xalça müəssisəsinin tikintisinə başlanılıb. Bununla yanaşı, rəqabətqabiliyyətli və yeni texnologiyalara əsaslanan xalça və xalça məmulatlarının istehsalını təmin etmək üçün ölkədə xammal müəssisələrinin qurulması üzrə müvafiq araşdırmalar aparılır. Belə ki, Sumqayıt şəhərində yun iplik istehsal edəcək Yunəyirici Boyaq Fabrikinin tikintisinə bu ilin sonunda başlanılması planlaşdırılır. Eyni zamanda xammal bazasının təmin edilməsi məqsədilə ölkənin 5 rayonunda yun və boyaq maddələri tədarükü məntəqələri yaradılacaq”, – deyə nazir qeyd edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər