Tesla sükanı və pedalları olmayan Cybercab elektromobilləri əsasında robotaksi xidmətini 2026-cı ilin avqust ayının sonunadək Texas ştatının Ostin şəhərində ictimai istifadəyə verməyə hazırlaşır. The Information bu barədə mənbələrə istinadən yazır.
İlk mərhələdə Cybercab ilə ümumi istifadədə olan yollarda səfərlər yalnız Tesla əməkdaşları üçün əlçatan olacaq. “Bir neçə gün” sonra isə şirkət Cybercab avtomobillərini Ostində artıq fəaliyyət göstərən robotaksi xidmətinə əlavə etməyi planlaşdırır. Hazırda bu xidmət Tesla Model Y avtomobilləri əsasında işləyir.
Nəşrin mənbələrinin sözlərinə görə, Tesla bir neçə həftə ərzində Cybercab avtomobillərini şəhərin fövqəladə xidmətləri ilə birlikdə sınaqdan keçirib, həmçinin Texasdakı kampusunun ərazisində əməkdaşlar üçün test səfərləri təşkil edib.
Tesla-nın rəhbəri İlon Mask sükanı və pedalları olmayan pilotsuz Cybercab prototipini 2024-cü ildə təqdim edib. Şirkət ilk seriyalı elektromobili 2026-cı ilin fevralında istehsal edib, kütləvi istehsala isə aprel ayında başlayıb.
Cybercab avtomobillərinin əsasən robotaksi xidməti üçün istifadə olunması planlaşdırılır.







