Bank VTB ASC-nin istehlak kreditləri üzrə portfeli 2013-cü il dekabrın 1-nə 86 425,7 min manata çatmışdır ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə üç dəfə çoxdur.
Bankın ümumi kredit portfeli ötən ilin müvafiq dövrü ilə müqayisədə 150 % artaraq 167 346,2 min. manat təşkil etmişdir.
Bankın məcmu kapital isə 45 888,1 min manata çatmışdır. Xatırladaq ki, 2012-ci ilin dekabrın 1-nə olan maliyyə göstəricilərinə əsasən məcmu kapital 15 153,5 min manat olmuşdur.
Həmçinin, bankın depozit portfeli ötən ilin müvafiq dövrü ilə müqayisədə beş dəfə artaraq 28 393,1 manata çatmışdır.
Müvafiq dövr üzrə VTB-nin (Azərbaycan) gəlirləri də artmışdır. Belə ki, Bankın faiz gəlirləri 16 613 min. manata, qeyri-faiz gəlirləri isə 2 219 min manata çatdırılmışdır.
Bank VTB (Azərbaycan) ASC-nin İdarə Heyətinin sədri Aleksandr Yeryomin: “Yaxın 3 ildə biz ölkə banklarının TOP-siyahısına daxil olmaq niyyətindəyik. Lakin bu daha tez bir zamanda baş verə bilər. Belə ki, VTB (Azərbaycan) beynəlxalq VTB Qrupunun bir hissəsidir və Azərbaycanda biznesin inkişafı sahəsində ciddi planları vardır. Biz Bankın kredit portfelini əhəmiyyətli dərəcədə artırmağı nəzərdə tutmuşuq. Məsələn, pərakəndə kreditləşmə portfelinin həcmini 5 dəfə artırmaq niyyətindəyik. Müvafiq artım nəticəsində VTB (Azərbaycan) riteyl üzrə lider banklar siyahısına daxil olmalıdır. Bizim korporativ kreditləşmə sahəsində də böyük iddialarımız var”.