Müasir dövrdə qeyri-qanuni miqrasiya qlobal problemə çevrilmişdir.
Bəs buna səbəb nədir?
Beynəlxalq aləmdə baş verən iqtisadi,siyasi,sosial hadisələr miqrasiyanı sürətləndirmiş qeyri qanuni miqrasiyanın artmasına gətirib çıxarmışdır.
BMqT-nin izahlı lüğətində qeyri qanuni miqrasiya ʻʻTəyinat ölkəsinin nöqteyi- nəzərindən bu, ölkəyə qanunsuz gəlmək, ölkədə qanunsuz olmaq və ya işləmək deməkdir. Bu, miqrantın ölkəyə gəlmək, ölkədə qalmaq və ya işləmək üçün müvafiq normativ-hüquqi aktlar əsasında tələb olunan icazəyə və ya sənədlərə malik olmaması deməkdir. Mənşə ölkəsinin nöqteyi-nəzərindən isə pozuntu, misal üçün, şəxsin etibarlı pasportu və ya yol sənədi olmadan beynəlxalq sərhəddən keçməsi və ya ölkəni tərk etmək üçün inzibati tələblərə riayət etməməyi hallarında özünü büruzə verirʼʼ.
Qeyri qanuni miqrasiyanın 2 növünü fərqləndirmək olar: 1) qeyri qanuni emiqrasiya 2) qeyri qanuni immiqrasiya. Qeyri qanuni immiqrasiya mənşə ölkə vətəndaşlarının təyinat ölkə ərazisinə qeyri qanuni formada qeyri qanuni müddətə gəlməsidir. Qeyri qanuni emiqrasiya isə qanunsuz şəkildə vətəndaşların mənsub olduqları ölkənin ərazisini tərk etməsidir.Elmi ədəbiyyatlarda qeyri qanuni miqrasiya qanunsuz, qeyri leqal, tənzimlənməyən,sənədləşdirilməmiş miqrasiya kimi verilir.
Qeyri qanuni miqrasiyanın səbəblərinə 2 faktordan baxmaq olar. 1-ci səbəb təkan verici faktordur. Bu faktor siyasi, təhlükəsizlik və iqtisadi səbəblərə görə mənşə ölkəsi tərəfindən şəxslərə emiqrasiya etmələri üçün təzyiq göstəricisidir. 2-ci səbəb isə çəkici faktordur. Bu faktor isə təyinat ölkəsində yaşlı əhalinin sayının artması, doğum həddinin aşağı olması, ixtisaslı işçilərin sayının kifayət qədər olmaması miqrantları öz ölkələrinə cəlb edirlər. Qloballaşan dünyada süni sərhədlərə məhəl qoymamaq, beynəlxalq və ya milli siyasətin dəyişilməsi kimi yeni təhlükələr qeyri qanuni miqrasiyanın hal hazırda əhəmiyyətli dərəcədə artmasını göstərir.
Azərbaycanın coğrafi mövqeyi miqrasiya proseslərinin sürətlə baş verməsi halında mərkəz rolunu oynayır. Belə ki, Azərbaycanın bir sıra dövlətlərlə vizasız gediş-gəliş rejiminin mövcud olması həmçinin Avropa və Asiyanın qovşağında tranzit rolunu oynayaraq qanunsuz miqrasiya üçün əlverişli şərait yaratmışdır.
Müstəqilliyin ilk illərində milli münaqişələr və ağırlaşmış sosial problemlərin təsiri ilə miqrant göndərən ölkə kimi tanınmağa baxmayaraq, indiki dövrdə həm miqrant göndərən həm də miqrant qəbul edən ölkə kimi də qəbul edilir. Azərbaycan son illər miqrasiya baxımından mənşə ölkədən tranzit və təyinat ölkəyə çevrilib. 2014-cü il respublikamızın sərhəd buraxılış məntəqələrində 2.269.015 əcnəbi və vətəndaşlığı olmayan şəxsin ölkəyə girişinin qeydə alınması deyilən fikrin əyani nümunəsidir.2014-cü ildə əldə olunan məlumata görə Azərbaycan ərazisində 8700 nəfərə yaxın qanunsuz miqrant var. 2008-ci ildə bu rəqəm 25000 olduğu göstərilir. Dövlət Miqrasiya Xidmətinin məlumatına görə 2012-ci ildə 15344 miqrantın qeyri qanuni olması ehtimal olunur. Hal-hazırda Azərbaycanda 5 minə yaxın qanunsuz miqrant var. Bu rəqəmlər arasındakı fərqin çox olması tənzimlənməyən miqrantlar barədə dəqiq statistikasının mövcud olmadığını göstərir. Əvvəlki illərdə ölkəmizə Banqladeş və Pakistan vətandaşları qanunsuz miqrant kimi daxil olublar.
Qanunsuz miqrantlara qarşı Dövlət Miqrasiya Xidməti və Daxili İşlər Nazirliyinin həyata keçirdiyi reydlər zamanı ay ərzində ölkədə 2000-2500-ə qədər qanunsuz miqrant aşkarlanır. Onların müəyyən bir qisminin statusu leqallaşdırılır, müəyyən bir qismi 48 saat ərzində ölkəni tərk etmək qərarı ilə üzləşir, digər qisim isə ölkədən deportasiya edilir. 2017-ci ildə 30 minə qədər miqrant qeydiyyata alınıb ki, onlar Azərbaycanda əmək fəaliyyəti ilə məşğuldur. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən 2017-ci ilin ilk 9 ayı ərzində miqrasiya sahəsində 17076 inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilib. Onlardan 187 nəfərin Azərbaycan Respublikası ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün əsas verən sənədləri itirildiyindən yenisi ilə əvəz olunub, 1930 nəfərin ölkə ərazisində yaşamaları leqallaşdırılıb, 9122 ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmamaqla inzibati cərimə tətbiq olunma ilə bağlı, 5052 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılmaları barədə qərarlar qəbul edilib.
Son 2 ildə Avropa İttifaqı ölkələrindən Azərbaycana qaytarılan qeyri qanuni miqrantların sayı 450 nəfərdən bir qədər artıq , il ərzində ölkə ərazisindən başqa ölkələrə gedənlərin sayı 2500 civarında olmuşdur.
Yazının müəlifi Nicat Kərimlidir.