“Azpetrol” şirkətinin baş direktoru Ceyhun Məmmədovun “Caspian Energy” jurnalına müsahibəsində benzinin və dizel yanacağını artıb artmayacağına dair yer alması bir neçə ekpert tərəfindən müzakirəyə səbəb olub. O bunun Tarif Şurası tərəfindən tənzimləndiyini bildirib
“Premium” markalı benzinin qiymətinə gəlincə isə C. Məmmədov dəyişə bilməsi səbəbi kimi, Avropanın neft məhsulları bazarındakı tendensiya, dünya bazarında neftin qiyməti, dolların məzənnəsi, nəqliyyat xərcləri yer almasını göstərmişdi.
İqtisadçı-ekspert Vüqar Bayramov isə bildirir ki, “Azpetrol” şirkətinin benzin və dizelin qiyməti ilə bağlı proqnoz verməsi nə qədər təəccüblü görünsə də, yanacağın, xüsusən də dizelin bahalaşmasının hətta müzakirəsi də o qədər arzuolunan deyil.
“Dizel yanacağının qiyməti kənd təsərrüfatı daxil olmaqla əksər sektorlarda xərci müəyyənləşdirən əsas faktorlardandır. Bu baxımdan, dizelin qiyməti yüksəldiyi halda yalnız aqrar məhsullarda deyil, çox fərqli sahələrdə o cümlədən, nəqliyyatda qiymət artımları müşahidə edilə bilər.” – deyə ekspert bildirir.
Bayramov bildirir ki, bu həm daxili bazarda qiymətlərin tənzimlənməsi, həm də qeyri-neft məhsullarının ixracı baxımdan arzuolunan deyil: “Buna görə də, yanacaq məhsullarının xərclərinin optimallaşdırılması üçün kooporativ idarəetmənin təkmilləşdirilməsi daxil olmaqla xərclərin dövlət tərəfindən birbaşa və dolayı balanslaşdırılması yolu ilə qiymət artımlarına getməməyə ehtiyac var. Bütün hallarda, istehlak bazarında qiymətlərin tənzimlənməsinin və eləcə də qeyri-neft ixracatının artırılmasının prioritet olduğu bir dövrdə yanacağın qiymətinin artırılmasına ehtiyac hiss edilmir.”