Hindistanın Ali məhkəməsi ölkə rəhbərliyini Bitcoin kriptovalyutasının tənzimlənməsinə çağırıb.
Banker.az xəbər verir ki, məhkəmə Bitcoindən maneəsiz olaraq transsərhəd tranzaksiyalar həyata keçirməyin mümkün olması ilə bağlı narahatlıqlarını ifadə edib və qeyd edib ki, sözügedən rəqəmsal valyutanın bu xüsusiyyəti onu cinayətkarlar və vergidən yayınmaq istəyən şəxslər üçün cəlbedici alət edir.
Bundan əlavə, məhkəmə belə hesab edir ki, sözügedən məsələ ilə bağlı normativ bazanın yaradılmasının gözləntiləri fonunda hər hansı bir nəzarət mexanizminin olmaması Bitcoin rəqəmsal valyutasının tamamilə tənzimlənməməsinə gətirib çıxarıb.
Hazırda Hindistanın Bitcoin-birjalarına gündəlik olaraq təribən 2,5 min istifadəçi qoşulur. Ölkənin 500 mindən çox sakini isə Bitcoin valyutasında vəsaitə sahibdir.
Hindistan bu günə qədər kriptovalyuta məsələsinə qarşı gözləmə mövqeyində idi və nə rəqəmsal valyutanı qadağan edir, nə də onun tənzimlənməsi ilə bağlı heç bir tədbir görmürdü.
Qeyd edək ki, Hindistan rəhbərliyi aprel ayında kriptovalyutalar ilə yaxından tanış olmaq məqsədilə xüsusi komitə yaratmışdı.