Azərbaycanda aqroparkların yaradılmasına 219 mln. manat məbləğində güzəştli kredit və dövlət investisiyaları yönəldilib. Bunu iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
“Regionlarda aqroparkların yaradılmasına dövlət investisiyaları 133 mln. manat məbləğində olub, daha 86 mln. manat isə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə ayrılan güzəştli kreditlərin payına düşür. Beləliklə, dövlət bu məqsədlərə 219 mln. manat ayırıb”, – deyə nazir bu gün parlamentdə 2018-ci il dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, hazırda 26 rayonda 40 aqroparkın yaradılması istiqamətində iş gedir. Bu aqroparkların ümumi ərazisi 178 min hektar təşkil edəcək.
Ş.Mustafayev əlavə edib ki, hazırda Xaçmaz, Şəmkir və Cəlilabad rayonlarında aqroparkların yaradılmasının birinci mərhələsi başa çatıb, 14 aqroparkın yaradılması üzrə işlərə başlanılıb.