2 C
Baku
Sunday, December 15, 2024

AMEA-nın əməkdaşları üçün nəzərdə tutulan yeni yaşayış kompleksində tikinti işlərinə başlanılıb

Abşeron rayonunun Saray qəsəbəsindəki “Alimlər şəhərciyi”ndə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əməkdaşları üçün kooperativ binanın tikilməsi məqsədilə akademiyaya məxsus torpaq sahəsində inşa ediləcək tikinti kompleksində layihələndirilmə işləri aparılıb. Eyni zamanda, mənzillərin AMEA-nın əməkdaşlarına sərfəli kredit şərtləri ilə təklif edilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi nəzərdə tutulub.

AMEA-dan bildiriblər ki, dekabrın 18-də Saray qəsəbəsində alimlər üçün nəzərdə tutulan şəhərciyin ərazisində qazıntı işlərinə başlanılıb. AMEA-nın İşlər İdarəsinin müdiri Fətəli Abdullayev son illər akademiya əməkdaşlarının sosial vəziyyətlərinin yaxşılaşdırılması istiqamətində kompleks tədbirlərin həyata keçirildiyini söyləyib. AMEA-nın tarixində ilk dəfə tikiləcək yaşayış kompleksinin ən uğurlu layihələrdən biri olduğunu vurğulayıb. O, akademiyanın əməkdaşlarının sosial problemlərinin həllinin hər zaman diqqət mərkəzində saxlanılacağını deyib. Qeyd edib ki, sosial-məişət və digər problemlərin həlli istiqamətində nəzərdə tutulan növbəti tədbirlərdən biri də AMEA-nın poliklinikasının açılmasıdır.

Layihənin rəhbəri Elçin Orucov bildirib ki, yeddi hektar sahədə ilkin olaraq iki, ümumilikdə isə 18 blokun tikilməsi nəzərdə tutulur. AMEA-nın əməkdaşlarının mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə tikiləcək “Science City” yaşayış kompleksi ekoloji təmiz havası olan ərazidə yerləşir. Kompleksin həyətində və ətrafında böyük parklar salınacaq. Layihə rəhbəri qeyd edib ki, 1, 2 və 3 otaqlı mənzillərin müasir dizaynda və yüksək keyfiyyətlə tikilməsi planlaşdırılır.

Yaşayış kompleksində, həmçinin məktəb, uşaq bağçası, ictimai iaşə və sosial obyektlərin inşası nəzərdə tutulub.

Son xəbərlər
Digər xəbərlər