ABŞ Maliyyə Nazirliyi Venesuelaya qarşı məhdudlaşdırıcı tədbirləri yumşaldaraq Amerika şirkətlərinə bu Cənubi Amerika ölkəsinin telekommunikasiya sahəsi üçün avadanlıq, texnologiya və xidmətlərin tədarükünü həyata keçirmək, eləcə də həmin sektora sərmayə qoyuluşu barədə danışıqlar aparmaq imkanı verib.
Bunu Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) verdiyi lisenziyaların məzmunu təsdiqləyir.
“Venesuelaya qarşı sanksiyalar haqqında əsasnamə ilə qadağan edilən bütün tranzaksiyalara, o cümlədən Venesuela hökumətinin, eləcə də “CONATEL” və “CANTV”nin iştirak etdiyi və ABŞ-dən və ya ABŞ şəxsləri tərəfindən Venesuelada telekommunikasiya sistemlərinin quraşdırılması, onlara xidmət göstərilməsi, modernləşdirilməsi, təmiri, istismarı və ya dəstəklənməsi üçün malların, texnologiyaların, proqram təminatının və ya xidmətlərin təqdim edilməsi ilə müşayiət olunan və bunun üçün zəruri olan əqdlərə icazə verilir”, – 61 nömrəli baş lisenziyada qeyd olunub.
Bununla yanaşı, Vaşinqton Rusiya, Çin, İran, Şimali Koreya və Kubadan olan fiziki şəxslər və təşkilatlarla hər hansı əqdlərə və birgə müəssisələrin yaradılmasına qadağa qoyub. Həmçinin qızıl və Venesuelanın “petro” kriptovalyutası ilə əməliyyatlar icazə verilən hesablaşma formalarından xaric edilib.






